Polis Sumqayıtda reyd keçirib

Xəbərlər

12.04.2021 - 16:32

Qaydaları pozanlar cərimələnib

 

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib.

 

Həmçinin keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

 

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Müəllif: Ayna.az