Paşinyanı Əliyevin “vaxt azlığı” deyil, başqa məqam narahat etməlidir

Siyasət

28.10.2023 - 10:22

Hazırda Azərbaycanın qarşısında Brüssel formatını konstruktiv istiqamətə qaytarmaq vəzifəsi durur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan kanadalı həmkarı ilə İrəvanda keçirdiyi görüşdə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə əvvəlcədən elan edilmiş görüşünün ləğvi məsələsinə toxunaraq deyib ki, buna səbəb İlham Əliyevin vaxtının olmamasını əsas gətirməsidir. “Aydındır ki, görüşə vaxt tapmayan Azərbaycan Prezidenti olub, çünki Ermənistan tərəfi indi də görüşə hazırdır”, - deyən Mirzoyan Ermənistanın sülh gündəminə sadiq qaldığını bildirib.

Bu yerdə Ermənistan XİN rəhbərinə xatırlatmaq yerinə düşər ki, oktyabrın əvvəlində Gürcüstana işgüzar səfəri zamanı Prezident İlham Əliyev danışıqlar platforması kimi Tbilisini Ermənistana təklif etmişdi. “Bu gün bir neçə ölkə və eyni zamanda bəzi beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləməyə çalışır. Biz bunu alqışlayırıq. Biz hər hansı vasitəçilik və yardımı alqışlayırıq, təktərəfli və qərəzli olmamaq şərti ilə. Ancaq fikrimcə, həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq bu istiqamətdə ən düzgün seçim, şübhəsiz ki, Gürcüstan ola bilər”, - deyə Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə danışıqların yekunu üzrə mətbuata açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan razılaşarsa, Azərbaycanın müvafiq strukturlarının rəhbərləri dərhal həm ikitərəfli, həm də üçtərəfli görüşlər üçün Gürcüstana gələ bilərlər.

Öz növbəsində, Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Əliyevin təklifini şərh edərkən vurğulayıb ki, Brüsseldə görüş məsələsi müzakirə olunanda, əslində, müəyyən çərçivələr var: “Azərbaycan başqa platforma təklif etməyə çalışır ki, bu da Azərbaycanın artıq razılaşdırılmış prinsipləri neytrallaşdırmaq istədiyi başqa platformaya keçid kimi şərh edilə bilər. Gizli planın hər şeyin Azərbaycan tərəfdən hərbi güc tətbiqi ilə bitəcəyi ilə bağlı qorxular artır. Biz heç bir söhbətin əleyhinə deyilik, lakin bizi artıq razılaşdırılmış prinsiplər çərçivəsindən kənara çıxaracaq məntiqə qarşıyıq”.

Paşinyanın Azərbaycan liderinin təklifi ilə bağlı dedikləri o deməkdir ki, Ermənistan Fransanın üstünlük təşkil etdiyi Brüssel formatını dəstəkləyir. Beləliklə, Paşinyan məsələləri ikitərəfli formatda həll etməkdən yayınmaqda davam edir. Xarici himayədarlarının, ilk növbədə Fransanın köməyi ilə o, çoxtərəfli formatlara arxalanır ki, bu da yalnız qarışıqlığa və həllin gecikdirilməsinə xidmət edir.

Xatırladaq ki, oktyabrın 5-də Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammitindən qayıtdıqdan sonra Paşinyan sülh gündəliyinin təbliğinə toxunaraq qeyd edib ki, “imzalanan bəyanatlar Dağlıq Qarabağa qarşı güc tətbiqini və Artsax xalqının məcburi köçürülməsini pisləyir”.

Bu sözlər Ermənistanın regionda sülhsevər yanaşmasına və Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa hazır olmasına ciddi şübhə yaradır. Beləliklə, Ermənistan nizamlanma prosesini qeyri-müəyyən müddətə ləngitmək kimi özünün destruktiv xəttinə sadiq qalır.

Bu baxımdan Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin sammitinə, eləcə də oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşə getməkdən imtina etməsi təəccüblü deyil. Əliyevin Avropa Siyasi Birliyinin sammitində iştirak etməməsi onu göstərir ki, bu tədbirdə qəbul edilən qərarlar və imzalanan sənədlər Azərbaycanı hər hansı qarşılıqlı addımlar atmağa məcbur etmir, lakin eyni zamanda, Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib ki, İrəvan Qranadada qəbul edilmiş bəyanatın əsas bəndlərinə Azərbaycan tərəfinin reaksiyasını gözləyir.

Bu arada, Əliyev oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında birmənalı şəkildə bildirib ki, “Qranadada dördtərəfli bəyanata Azərbaycanın iştirakı olmadan adının daxil edilməsi yanlış yanaşmadır”. Prezidentin bu sözləri sənədi imzalayan bütün dövlətlərə regional əhəmiyyətli məsələlərin Azərbaycan və Türkiyə olmadan aydın həllini tapa bilməyəcəyinə dair bir siqnaldır.

İlk növbədə, bu siqnal açıq ermənipərəst mövqeyi ilə Azərbaycanın tam etimadını itirmiş, Əliyevin Avropa Siyasi Birliyinin sammitində iştirakdan imtina etməsinə səbəb olan Fransaya ünvanlanıb. Bundan əlavə, rəsmi İrəvanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olması ilə bağlı bəyanatları fonunda Ermənistanın müdafiə naziri Suren Papikyan Parisə səfər edib və o, “Thales” şirkətinin istehsalı olan üç radar almağa razılaşıb və fransız “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıb.

Parisin intriqaları Bakının Fransanın Cənubi Qafqaza nüfuz etmək və regionda möhkəmlənmək məqsədilə yeni Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmaqda maraqlı olması ilə bağlı gözləntilərini təsdiqləyir. Bu planı həyata keçirmək üçün Qərbin forpostu olduğunu iddia edən Ermənistan alət kimi seçildi.

Fransa şərti olaraq Ermənistan-Azərbaycan sərhədində monitorinq aparan avropalı müşahidəçilər missiyasının müddətini uzatmaq və sayını artırmaq niyyətini gizlətmir. Bu məqsədlə Fransa hökuməti Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə Aİ-nin Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi və gücləndirilməsi xahişi ilə müraciət edib.

Və bu yaxınlarda Fransanın Ermənistandakı səfiri Olivier Decotinyi sərhəd zonasına səfər edərək, “X” sosial şəbəkəsində “Ermənistanın suveren ərazilərinin Azərbaycan tərəfindən davam edən işğalının şahidinə çevrildiyini” yazıb.

Fransa hakimiyyətinin bu cür davranışı Azərbaycanın Avropa İttifaqına inamına çox mənfi təsir göstərir. Avropa Parlamentində bir müddətdir ki, Azərbaycana qarşı sanksiya tətbiqi çağırışları da məhz həmin Fransadan ilhamlandığı açıq-aşkar görünür. Beləliklə, Fransa heç bir şəkildə praktiki olaraq erməni və Azərbaycan xalqları arasında barışığa töhfə vermir, əksinə, qarşısına əks vəzifə qoyur.

Hazırda Azərbaycanın qarşısında Brüssel formatını konstruktiv istiqamətə qaytarmaq, Qərbin, ilk növbədə Fransanın destruktiv mövqeyini neytrallaşdırmaq vəzifəsi durur. Qərb Azərbaycanı sanksiyalarla hədələyir, Avropa Şurasının Nazirlər Komitəsi Qarabağ ermənilərinin geri qaytarılmasını tələb edir və Qarabağ xuntasının həbsdə olan rəhbərlərinə amnistiya elan olunmasını qətiyyətlə tövsiyə edir.

Azərbaycan artıq bu istiqamətdə səylər göstərir, yenidən danışıqlar platforması kimi Tbilisini təklif edir. İrəvanın mövqeyini tənzimləmək üçün Tehranda “3+3” platforması (Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan) çərçivəsində xarici işlər nazirlərinin görüşü baş tutub.

İlk növbədə, bu görüşün keçirilməsi regionun əksər ölkələrinin regiondaxili problemləri kənar oyunçuları cəlb etmədən həll etmək istəyindən xəbər verir. “3+3” platforması Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və Ermənistanın Qərbə dönüşü ilə bilavasitə bağlı olan Cənubi Qafqazda köklü dəyişikliklər kontekstində populyarlaşıb.

Üç aparıcı regional gücün - Rusiya, Türkiyə və İranın Cənubi Qafqazdakı strateji maraqları tam üst-üstə düşməsə də, onları regional məsələlərə Ermənistan vasitəsilə xarici oyunçuların cəlb edilməsi riski getdikcə güclərini birləşdirməyə sövq edir. Bu amil Ermənistan hakimiyyətini İlham Əliyevin “vaxtının azlığından” daha çox narahat etməlidir...

Müəllif: Asif Aydınlı