Parisin Cənubi Qafqaz planı: Fransanın siyasəti bölgəni təhdid edir – ÇIXIŞ YOLU

Siyasət

19.06.2024 - 18:10

Həkimlər Klinikalar SEO Xidməti

Ərəstun Oruclu: “Təhdidləri neytrallaşdırmaq üçün ilk növbədə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır”

Ermənistan Fransanın “Sezar” özüyeriyən artilleriya sistemlərinin alınması üçün Fransa ilə müqavilə imzalayıb. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkə hesabında yazıb: “Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Yeni mühüm mərhələ “Sezar” silahlarının alınması üçün müqavilənin imzalanmasıdır”.

Sənəd Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı imzalanıb. Parisdə keçirilən “Eurosatory 2024” hərbi texnika sərgisində iki ölkənin müdafiə idarələrinin rəhbərləri arasında danışıqlar aparılıb. Fransalı nazir müzakirəni “isti və məhsuldar” adlandırıb.

Paris 2023-cü ildə Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsi fonunda İrəvana hərbi yardım göstərməyə başlayıb. Ermənistan ordusu üçün zirehli texnikanın ilk partiyası Gürcüstan vasitəsilə ölkəyə gətirilib.

2023-cü il oktyabrın sonunda Lekornu elan edib ki, Paris Ermənistana üç “Ground Master 200” (GM200) radar sistemi satmaq niyyətindədir. O, həmçinin İrəvanın “Mistral” insan daşınan zenit-raket komplekslərinin istehsalçısı MBDA şirkəti ilə əməkdaşlığının başladığını elan edib. Bundan əlavə, Lekornu erməni hərbçilərinə hava hücumundan müdafiə üzrə təlim keçəcəyini vəd edib.

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Qərb dövlətləri ilə əməkdaşlığı intensivləşdirib. Rəsmi Bakı Fransanın bu addımına etiraz edir və bunun bölgədə müharibəyə təşviq etmək kimi qiymətləndirir.

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında deyib ki, Bakı Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmir: “Bu, zərərli siyasətdir. Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir. Bu, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə zərbədir. Fransanın militarizasiya siyasəti Ermənistanda revanşist qüvvələri həvəsləndirəcək addımdır. Ermənistana öldürücü silahların verilməsi ciddi narahatlıq doğuran haldır. BMT TŞ-nin üzvü olaraq Fransa məsuliyyətli siyasət həyata keçirməlidir. Ermənsitan Cənubi Qafqazda işğal və təcavüz törədən ölkədir. Belə ölkənin silahlandırılması məqbul hesab olunmur”.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, Fransanın Cənubi Qafqazdakı pozucu rolu bəllidir:

- Bunun səbəblərindən biri və ən başlıcası odur ki, bu gün Fransanın özünü qlobal güc kimi təqdim etməyə ehtiyacı var. İkinci Dünya müharibəsi bitəndə orada əsas anti-Hitler koalisiyasında yer alan üç ölkə vardı – SSRİ, ABŞ və Böyük Britaniya. Həmin dövrdə Fransa işğal edilmişdi, tam olaraq Almaniyanın nəzrətində idi. Hələ SSRİ-yə qarşı müharibə başlamadan əvvəl Fransa biabırçı şəkildə məğlub olmuşdu. Şarl de Qolun rəhbərliyi altındakı Fransanın hökuməti mühacir hökumət idi, Əlcəzairdə qurulmuşdu. Artıq müharibə bitdi və hər kəs anlayırdı ki, bugünkü müttəfiqlər sabahkı rəqiblər olacaq. Burada Fransadan istifadə etmək ehtiyacı yarandı və təklif olundu ki, Fransa da müttəfiqlərə qoşulsun. Hətta Yalta konfransında İosif Stalinin bu təklifi ABŞ və Britaniya tərəfindən qəbul edilməmişdi. Bu müzakirələrin nəticəsində Fransa qlobal gücə çevrildi, nüvə dövləti oldu, Avropada söz sahiblərindən birinə çevrildi. Nəhayət, Fransa BMT Təhlükəsizlik Şurasında daimi üzv statusu əldə etdi.

İndi isə dünyanın mənzərəsi daha mürəkkəbdir. Bu gün Fransa kimi güclü, hətta bir sıra paramentrlərinə görə Fransadan güclü olan Çin, Hindistan var ki, onlar da iddialıdırlar. Onlar da nüvə dövlətləridir. Hətta Çinin nüvə başlıqlarının sayı Çinin nüvə başçlıqlarının sayından çoxdur, ordusu böyükdür, iqtisdadiyyatı daha güclüdür. Belə olan şəraitdə qlobal güc olmaq uğrunda rəqabət artır. Dünya nə qədər çoxqütblü olsa da, əsas güclər dünyada söz sahibi olacaqlar. Bu gün bu güc uğrunda mübarizə, hətta müharibə gedir. Bu güclər müxtəlif bölgələrdə söz sahibi olmaq istəyirlər. Rəqabət gücləndikcə Fransa anlayır ki, oyundan kənarda qala bilər.

- Yəni ki, Fransa Cənubi Qafqazda söz sahibi olmaq istəyir?

- Hazırda Cənubi Qafqaz geosiyasi maraqlar baxımından ən önəmli regionlardan biridir. Fransa bunu bilir və Cənubi Qafqaza müdaxilə  etməyə başladı. Təbii ki, Fransanın regiona birbaşa hərbi müdaxiləsi qeyri-mümkündür. Bölgə dövləti deyil, bölgədə hərbi bazası yoxdur. Eyni zamanda, elə bir müttəfiqi yoxdur ki, bu gün o müttəfiqinin ərazisində hərbi baza yaratsın. Ermənistanla yaxınlığından istifadə edərək Paris çalışır ki, bölgədə hansısa formada mövcudluğu olsun. Fransa bu metodlardan istifadə edərək çalışır göstərsin ki, bölgədə mövcuddur, təsirləri var və onunla da hesablaşılsın.

- Burada erməni lobbisinin Fransa siyasətinə təsiri burada nə qədər rol oynayır?

- Bəli, lobbinin müəyyən təsirləri var. Bu amillər mövcuddur. Amma bunlar son dərəcə əhəmiyyətsizdir. Başlıca amil Fransanın özünü qlobal güc kimi təsirini göstərmək istəyidir. Bu səbəbdən də Fransa Ermənistana yardım qərarı verib. Faktiki olaraq Fransa Ermənistanla hərbi-siyasi  münasibətləri intensivləşdirib. İstisna deyil ki, Fransa Ermənistana bundan sonra daha müasir silahlar versin.

- Bu, bölgəmiz üçün hansı təhdidləri yaradır?

- Əlbəttə, təhdid yaradır. Məsələn, barəsində müqavilə imzalanan özüyeriyən haubitsalar əslində kifayət qədər ciddi silahlardır. Unutmaq olmaz ki, Fransa dünyanın ən güclü hərbi sənaye ölkələrindən biridir. Təəssüf ki, bəzən Fransa məsxərəyə qoyulur. Amma Fransa kifayət qədər güclü ölkədir və biz bunu nəzərə almalıyıq. Fransa-Ermənistan münasibətlərinin hərbi əməkdaşlıq çərçivəsində inkişafı Azərbaycan üçün, Cənubi Qafqaz üçün yetərincə ciddi təhdidlər yaradır.

Digər tərəfdən, unutmayaq ki, Fransa NATO-nun əsas ölkələrindən biridir. Parisin atdığı addımlardan görünür ki, Fransa NATO çərçivəsindən kənara çıxmağa çalışmır. Əvvəllər belə tendensiyalar var idi. Amma indi mənzərə başqadır. Biz ABŞ Prezidenti Co Baydenlə Fransa Prezidenti Emmanuel Makronun münasibətlərini görürük, Fransanın Ukrayna ilə bağlı bəyanatlarını görürük. Bu gün Paris Kiyevə ordu göndərməkdən danışır, Rusiyanı qıcıqlandırır. Bütün bunları Azərbaycan nəzərə almalıdır.

- Bu təhdidlərdən yayınmağın yolu nədədir?

- Təhdidləri neytrallaşdırmaq üçün ilk növbədə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Bəzən fikirlər səsləndirilir ki, bugünədək Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi yoxdur, nə dəyişir. Bəli, onlar arasında sülh sazişi imzalanmayıb. Amma bunun da ciddi səbəbi var, orada mübahisəli ərazilər mövcuddur. Azərbaycanla Ermənistan arasında isə bu gün ərazi mübahisəsi demək olar ki, yoxdur. Qarabağ məsələsi bitib və bu reallığı Ermənistan da, dünya da qəbul edir. Hətta orada erməni əhalisinin qalmamasını belə heç kəs artıq dilə gətirmir. Avropa Birliyi Qarabağdan könüllü gedən ermənilərin təmin olunması üçün vəsaitlər də ayırmağa başlayıb. Bu o deməkdir ki, artıq heç kəs Qarabağ ermənilərinin geri qayıdacağını gözləmir. Sadəcə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunmuş eksklav ərazilər var ki, artıq onlar da təhvil verilir. Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı. Digər 4 kəndin isə məsələsi müzakirə mərhələsindədir. Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlaması göstərir ki, Ermənistan rəhbərliyi bu məsələdə konkret yanaşmaya malikdir. Baxmayaraq ki, Ermənistan daxilində bu məsələ ilə bağlı müxalif qüvvələr meydana çıxıb. Amma görünən odur ki, Ermənistan hakimiyyəti narahat deyil, kəndlərin qaytarılması məsələsinin müzakirəsindən qaçmır. Demək olar ki, tərəflər arasında ciddi ziddiyyətlər qalmayıb. O zaman sülh sazişinin imzalanması mümkündür. Sülh sazişi imzalanarsa, bu, daha etibarlıdır. Ona görə ki, sülh sazişi özündə bir neçə mühüm məqamı ehtiva edir. Hətta diplomatik münasibətlərin bərpası da sülh sazişinə alternativ ola bilməz. Sülh sazişinin olmaması müharibənin bitməməsi deməkdir. Kim təminat verə bilər ki, sabah Ermənistanda revanşist hakimiyyət formalaşmayacaq və onlar anlaşmaları ləğv etməyəcək, təcavüzə başlamayacaq?! Amma sülh sazişini ləğv etmək müharibə elan etmək deməkdir. Ona görə də sülh müqaviləsi bizim üçün də, Ermənistan üçün də daha önəmlidir.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş