Odessa sakininin faciəsi: "Dünyam Rusiya raketi ilə məhv edildi" - FOTOLAR 

Dünya

29.04.2022 - 17:44

Azyaşlı körpənin ölümü Zelenskini də üzdü: "Üç aylıq Kira Rusiya üçün necə təhdiddir?"

Odessada bir ailənin üç üzvünün evlərinə raket düşməsi nəticəsində həlak olması Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəsinin nə qədər dəhşətli olduğunu bir daha göstərir. Ukraynada Rusiya raketlərinin faciələr gətirdiyi ailələrin sayı az deyil.  

AYNA UNİAN-a istinadən müharibənin ailələri necə məhv etdiyini, insanların hansı dəhşətləri yaşadığını bir Odessa sakinin faciəsi timsalında təqdim edir: 

Odessa sakini Yuri Qlodan aprelin 23-də evinə Rusiya raketi düşməmişdən bir neçə dəqiqə əvvəl marketə gedib. Ailəsi - qayınanası, 27 yaşlı həyat yoldaşı Valeri və 3 aylıq qızı Kira evdə qalıblar. Yuri evlərinə raket düşdüyü xəbərini mağazada eşidib.

Tez evinə gələn Yuri gördüyü mənzərədən dəhşətə gəlib: "Mənzilimin girişində polislə qarşılaşdım, məni evimə buraxmırdılar. Polisə qışqırdım ki, yanan evimə buraxsınlar. Bir də gördüm ki, rus raketi ilə öldürülmüş həyat yoldaşımın və anasının - qayınanamın cəsədlərini çıxarılır".

Yurinin üç aylıq qızı Kiranın meyiti daha sonra tapılıb. Qlodan körpəsinin cəsədini aprelin 24-də mənzilinə girəndə görüb. 

"Mənzildən nəyin xilas ola biləcəyinə baxmaq üçün dağılmış evə gəldim. Fotoalbomlar, həyat yoldaşımın qənd paketləri kolleksiyası, əlyazma qeydləri... Və qızımın uşaq arabası.. Parça-parça olmuşdu", - deyə Yuri göz yaşları ilə bildirir. 

“Parçalanmış da olsa, əşyalarımızı mənzildə qoysam, onları zibil bilib atacaqlar. Amma mən onları xatirə kimi saxlamaq istəyirəm", - əlavə edib Odessa sakini. 

Yuri və Valeriya doqquz il evli olublar: "Valeriya hər şeydə sevinc, sevgi tapa bilirdi. Odessa onun sevimli şəhəri idi. O, PR sahəsində işləyirdi və bir çox insanlarla xoş ünsiyyət qura bilir, onları başa düşə bilirdi. Onun gözəl anlayışına heyran olmuşdum". 

"Valeriya ən yaxşı keyfiyyətlərə malik gözəl ana, gözəl dost idi. Valeriya kimi birini tapmaq mənim üçün qeyri-mümkün olacaq. O, mükəmməl idi. Belə bir insana həyatda yalnız bir dəfə rast gəlmək olar və bu, Allahdan mənə göndərilən hədiyyə idi”, -Qlodan deyib.

Cütlüyün qızı Kira 2022-ci il yanvarın sonunda, Ukraynada müharibənin başlamasına cəmi bir ay qalmış anadan olub. Bundan bir neçə həftə sonra Valeriya "Instagram"da ilk övladının doğulmasından sonra xoşbəxtliyin yeni səviyyəsinə çatdığını yazıb.

"Kira doğulanda çox xoşbəxt idik. Qızımın və həyat yoldaşımın artıq dünyada olmadığını anlamaq mənim üçün çox çətindir. Dünyamı Rusiya raketi məhv etdi", - Yuri kədərini ifadə edib.

Qlodan onun ailəsinin necə məhv edildiyini bütün dünyanın bilməsini istəyir: "Baş verənlər mənim ailəm üçün, şəhərimiz üçün, Ukrayna üçün kədərlidir. Bütün sivilizasiya üçün kədərlidir". 

Aprelin 23-də Rusiya Odessaya yeddi raket atıb. Raket hücumu nəticəsində 8 nəfər həlak olub ki, qurbanlar arasında üç aylıq uşaq da var. Uşaq Qlodanın qızı Kiradır. Bundan əlavə, düşmənin hücumu nəticəsində 18-20 nəfər yaralanıb.

Rusiyanın hücumundan sonra yaşayış binalarına və infrastruktur obyektlərinə ziyan dəyib.

Rusiya tərəfi Odessada hərbi obyekti vurduqlarını iddia edib. Odessanın meri Truxanov isə bildirib ki, işğalçılar yaşayış binasını "hərbi obyekt" adlandırırlar.

Odessaya raket zərbələrini şərh edən Ukrayna Prezidenti Volodimir Zelenski üç aylıq Kiranın həlak olmasından danışarkən üzüntüsünü gizlədə bilməyib: "Üç aylıq Kira Rusiya üçün necə təhdiddir? Belə görünür ki, uşaqları öldürmək Rusiya Federasiyası üçün sadəcə yeni milli ideyadır". 

Prezident Odessaya raket hücumunu planlaşdırıb həyata keçirənləri “mundar” adlandırıb.

Odessa sakininin faciəsi: "Dünyam Rusiya raketi ilə məhv edildi" - Odessa sakininin faciəsi: "Dünyam Rusiya raketi ilə məhv edildi" -
Müəllif: Turan Abdulla