ABŞ lideri Fələstin-Amerika hərbi psixiatrının edam edilməsini təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Fort Hudda atəş açaraq 13 nəfəri öldürən və 32 nəfəri yaralayan Fələstin-Amerika hərbi psixiatrı Nidal Həsənin güllələnərək edam edilməsini təsdiqləyib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.
"Müdafiə naziri Pit Heqset 2009-cu ildə Fort Hudda silahsız Amerika hərbçilərinə atəş açan cihadçı, məhkum terrorçu Nidal Malik Həsənin güllələnərək edam edilməsini tövsiyə etdi. Və Prezident Donald Tramp təsdiqlədi. Hücum zamanı o, 13 nəfəri öldürdü və 32 nəfəri yaraladı”, Parnell qeyd edib.
Bu, Amerika bazalarında indiyə qədər törədilən ən böyük cinayət olub. Həsən 2009-cu ilin noyabr ayında həbs olunarkən bir neçə dəfə güllə yarası alıb və belindən aşağı iflic olub. 2013-cü ilin avqustunda məhkəmə heyəti yekdilliklə ona ölüm hökmü verib. Məhkəmə Fort Hudda keçirilib. O, öz günahsızlığını sübut etməyə çalışmayıb.
ABŞ-ın ölkədəki ən böyük ordusu bazası olan Fort Hud Texas ştatının Killin şəhəri yaxınlığında yerləşir. Orada təxminən 40 min hərbçi xidmət edir. Həsənin atəş açdığı bina 2014-cü ildə sökülüb və 2016-cı ildə onun yerinə qurbanların xatirəsinə abidə ucaldılıb.