İsrailin Baş naziri Qəzzada qarşıdurmanın bərpasını istisna etməyib
Fələstinin HƏMAS radikal hərəkatı əvvəlcədən razılaşdırıldığı kimi fevralın 15-də girovları azad etməsə, İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiq etdiyi qərar belədir: şənbə günü günortaya qədər HƏMAS girovlarımızı qaytarmasa, atəşkəs ləğv olunacaq və HƏMAS nəhayət məğlub olana qədər ordumuz intensiv hərbi əməliyyatları davam etdirəcək”, - deyə İsrail hökumətinin başçısı bildirib.
Bundan əvvəl HƏMAS fevralın 15-də baş verməli olan girovların azad edilməsi üçün İsraillə razılaşmadan imtina edib. Daha sonra dəqiqləşdirilib ki, hərəkat girovların azad edilməsini Təl-Əviv “zərəri ödəyənə” qədər təxirə salıb. Xüsusilə, hərəkat İsrail əsgərlərini Qəzza zolağının şimal hissəsinə qayıdan qaçqınlara atəş açmaqda, habelə humanitar yardımı gecikdirməkdə ittiham edib.