“Minsk 2019”a 1 qələbə, 2 məğlubiyyətlə başladıq

İdman

21.06.2019 - 21:12

Daha bir idmançımızın isə II Avropa Oyunlarındakı ilk rəqibi müəyyənləşib

 

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında bir neçə idmançımız öz gücünü sınayıb. AYNA xəbər verir ki, Azərbaycan yığmasının boksçusu Rahil Məmmədli (91 kq) ilk qarşılaşmasına çıxıb. 1/16 final çərçivəsində baş tutan qarşılaşmada təmsilçimiz bolqarıstanlı Radoslav Panteleyevlə üz-üzə gəlib. Döyüşdən məğlub ayrılan boksçumuz Avropa Oyunlarında mübarizəni dayandırıb.

 

Azərbaycan millisinin heyətində 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev rinqə çıxıb. O, 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb. 3:2 hesabı ilə rəqibini məğlub edən boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.

 

Azərbaycan millisinin heyətində +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev isə ilk döyüşünü 1/16 final mərhələsi çərçivəsində keçirib. O, bolqarıstanlı Petar Belberovla qarşılaşıb. 1:4 hesabı ilə uduzan M.Abdullayev Minsk-2019-dakı çıxışını başa vurub.

 

Azərbaycan boksçusu Kamran Şahsuvarlının (75 kq) II Avropa Oyunlarındakı ilk rəqibi müəyyənləşib. Olimpiya mükafatçımızın 1/16 finalda üz-üzə gələcəyi boksçu bu gün keçirilən 1/32 finalda dəqiqləşib. Belə ki, Belarusun paytaxtı Minskdəki “Uruçye Arena”da keçirilən döyüşdə gürcüstanlı Giorgi Xarabadze ilə serbiyalı Miloslav Saviç qarşılaşıb. 5:0 hesablı qələbə qazanan Gürcüstan boksçusu K.Şahsuvarlıya rəqib olub. Boksçumuzun 1/16 final döyüşü iyunun 22-də baş tutacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə