“Azərbaycandan olduğumu deyəndə təəccüblə üzümə baxırdılar”

Maraqlı

29.08.2023 - 10:23

Elman Eldaroğlu: “Məmur özbaşınalığı yox, süründürməçilik yox, rüşvət yox, başqasının haqqına girmək yox…”

Bir neçə il ABŞ-da yaşamış azərbaycanlı publisist, jurnalist və yazar Elman Eldaroğlu “Amerikadan Azərbaycana baxış” prizmasından fikirlərini AYNA ilə bölüşüb. Beləliklə:

- Söhbətə elə ümumi sualla başlayaq: okeanın o tayından Azərbaycan necə görünür, ümumiyyətlə, görünürmü?

- Bildiyiniz kimi, ABŞ çox nəhəng bir ölkədir - 350 milyondan yuxarı əhalisi var. Təsəvvür edin, ştatlarının əksəriyyəti ərazisinə görə Azərbaycandan 3-4 dəfə böyükdür. Orada insanlar öz ölkələrinin gündəmi və öz gündəlik qayğıları ilə yaşadıqlarından, demək olar ki, Azərbaycanı tanımırlar. Bir də əhali o səviyyədə siyasiləşməyib ki, dünya ölkələrində baş verən hadisələr onlar üçün maraqlı olsun. Odur ki, ABŞ-dan Azərbaycan görünmür.

Doğrudur, aralarında az da olsa Azərbaycan haqqında məlumatı olanlar var. Onlar da Şərq üzrə mütəxəssislər və ölkəmizdə nə vaxtsa olanlardır. Məsələn, “mən Azərbaycandanam” deyəndə, amerikalıların təəccübləndiklərini görüb birtəhər izah edirdim ki, Azərbaycan müstəqillik qazanmış köhnə sovet ölkələrindən biridir.

- Bütün parametrlər üzrə Birləşmiş Ştatlar dünyanın ən qüdrətli ölkəsidir. Sizcə, amerikalılar nəyi necə etdilər ki, bu zirvəyə gəlib çıxa bildilər?

- Orada insanlara vətənpərvərlik sevgisi, vətəndaşlıq qüruru hələ məktəb illərindən aşılanır. İnsanların rahat yaşamalarından ötrü hər bir şərait yaradılıb. Qanunlar hamı üçün eynidir. Müəyyən qədər bürokratiya olsa da, məmur özbaşınalığından, süründürməçilikdən, rüşvətdən söhbət gedə bilməz. Heç kim heç kəsin haqqına müdaxilə etmir. Məhkəmələr sözün əsl mənasında, ədalət prinsipini yüksək tutur, məmurlar əhaliyə vicdanla xidmət edirlər və s. Bir məmləkətdə ki, necə deyərlər, qanun şahdır, əlbəttə ki, həmin dövlət zirvələri fəth edəcək.

- Qərbdən, Amerikadan dünyaya informasiya, yeni dəyərlər, mədəniyyət və digər bir sıra istiqamətlər üzrə axın var. Bu axına qarşı müxtəlif ölkələrdə müxtəlif cür yanaşmalar mövcuddur: qəbullanmaq da, müqavimət də. Amerika mühitini yaxşı tanıyan biri kimi tövsiyəniz nədir: biz oradan nəyi qəbullanmalı, nəyə müqavimət göstərməliyik?

- ABŞ müxtəlif mədəniyyət və dəyərlərin birləşdiyi bir ölkədir. Orada dünyanın dörd bir tərəfindən gəlib məskunlaşan xalqlar var. Və bu xalqlara xas olan bütün yaxşı keyfiyyətlər insanlar tərəfindən rahat qəbul olunur, nəticədə ümumi Amerika mədəniyyəti formalaşıb. İndi desəm ki, bizdə də bu keyfiyyətləri insanlara aşılamaq lazımdır, alınmaz. Bunun üçün həmin mühit olmalıdır və həmin həyatı yaşamaq lazımdır. Amma inanıram ki, nə vaxtsa bizim cəmiyyət də ABŞ cəmiyyəti kimi inkişaf edib, dünyanın ən gözəl cəmiyyətlərindən birinə çevriləcək.

- Nəhayət, Vətənə qayıtmısınız. Bunun özü də bir sual doğurur: səbəb? Yəni, məcbur oldunuz, ayaqlaşa bilmədiniz, gözləntiləriniz doğrulmadı, yoxsa...?

- Xeyr. Biz oraya təhsil proqramı üzrə getmişdik. Dövlətimiz bunun üçün müəyyən vəsait xərcləmişdi. Dörd il tamam oldu qayıtdıq. Bəlkə də, bu, Azərbaycan şüurunda avamlıq, fərasətsizlik kimi sayılır, lakin Amerika mühiti üçün vətənə sədaqət kimi yozulur. Siz heç hansısa ölkədə daimi məskunlaşan amerikalı görmüsünüzmü və ya haqqında eşitmisinizmi?..

Müəllif: İsmayıl Məmmədli