Belarus Prezidenti Ermənistanı AİB-dən çıxmağa tələsməməyə çağırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq və Avropa İttifaqına (Aİ) qoşulmaq qərarında tələsməməyə çağırıb. AYNA.AZ-ın məlumatına görə, ölkə hakimiyyəti əvvəlcə belə bir addımın iqtisadi nəticələrini nəzərə almalıdır.
Lukaşenko hesab edir ki, "bu gün faydalı olan" bir şeydən qurtulmaq üçün tələsməyə ehtiyac yoxdur.
“Əgər Avropa İttifaqına qoşulmaq qərarına gəlmisinizsə, niyə tələsirsiniz? Konyakınızın harada, tərəvəz və meyvələrinizin harada satılacağını dəqiq müəyyənləşdirin. Hansı miqdarda satacaqsınız? Bu gün burada satdığınız məhsulu orada sata biləcəksinizmi?”, - deyə Aleksandr Lukaşenko Avrasiya Hökumətlərarası Şurasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə bildirib.
"Xahiş edirəm, bundan tələsməyin. İnanın mənə, veteran prezident kimi, mən burada təxminən 30 ildir işləyirəm. Bizi heç yerdə xoş qarşılamırlar", - Lukaşenko əlavə edib.
Qeyd edək ki, Ermənistan və Aİ 2025-ci ilin dekabr ayında strateji tərəfdaşlıq gündəliyi imzalayıblar. İrəvan tezliklə Aİ üzvlüyünə müraciət etməyi və prosesin yol xəritəsi üzərində razılığa gəlməyi, ardınca isə bu məsələ ilə bağlı daxili referendum keçirməyi planlaşdırır.