Lerik sakini həkim qəbulunda damarını doğrayıb

Cəmiyyət

17.01.2020 - 22:12

“Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi”

 

Nəzərinizə çatdırım ki, mən Lerik rayon qeydiyyatındayam. İllərdir Bakıda yaşasam da, bütün sənəd işlərim Lerik rayonundan asılı haldadır və bu səbəbdən tez-tez Lerik rayonuna getməli oluram.

 

Eyni zamanda, qohumlarımın, yaxınlarımın böyük bir qismi də bu rayonun müxtəlif kəndlərində yaşayır. Nənəm Dilarə İbadovanın 72 yaşı var, 50 il müəllim kimi bu rayonun müxtəlif kəndlərində çalışıb və təqaüdə çıxıb.

 

O, hal-hazırda şəkər diabet xəstəliyindən əziyyət çəkir. Bir neçə ildir ki, Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və ona hər ay dövlət tərəfindən şəkər dərmanları verilir. Böyük ehtimalla, genetik problemimiz olan şəkər xəstəliyindən 30 ildir ki, bibim Aynur Salmanova da əziyyət çəkir. O da uzun illərdir ki, Lerik Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdadır və dövlət tərəfindən dərmanla təmin olunur.

 

2018-ci ilin yay mövsümündə istirahət məqsədi ilə Lerik rayonuna getmişdim. Həmin vaxt nənəm mənə dedi ki, xəstəxanada bir həkim var, dərmanlarımızı vermir. Səbəbini soruşanda bildirdi ki, xəstələrin özünün gəlib dərmanları götürməsini tələb edir, onların yaxınları dərman üçün gedəndə kabinetindən qovur.

 

Təbii ki, heç bir məntiqi olmayan və vicdani dəyərlərə sığmayan bu davranışa hiddətləndim. Həkimin dediyinə əsasən, 72 yaşlı qadın, hər ay kənddən rayon mərkəzinə Lerikin buruq və narahat yolları ilə 30 kilometr yol getməlidir. Üstəlik, bibim elə şəkər xəstəliyi səbəbi ilə bir böyrəyindən məhrum qalıb və bütün həyatı tək böyrəyin öhdəsindədir. Onun da bu uzun və narahat yolu hər ay getməsi səhhəti üçün böyük təhlükədir. O dərmanlara hava-su kimi möhtac olan və evdən çölə çıxmağa belə əziyyət çəkən iki xəstəni hansı vicdansız həkim hər ay xəstəxanaya gəlib dərman götürməyə məcbur edər?

Ayna.az