“Kimsə o namussuzlarla eyni düşüncəni və əxlaqı paylaşacaqsa...”

Cəmiyyət

13.04.2021 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

Hərə öz evini, öz səngərini qorusun ki, bütövlükdə ölkəni qoruya bilək!

 

“İnternet televiziyası” adı altında fəaliyyət göstərən siyasi ağırlıqlı media resurlarımızın cəmiyyət üçün potensial təhlükə mənbəyi yaradan ciddi bir problemi var: ya məsuliyyətsizlikdən, ya işçi qıtlığından, ya da bilərəkdən səhifələrini, efirlərini nəzarətsiz buraxırlar.

 

Bu nəzarətsizlik də ona gətirib çıxarır ki, bir tərəfdən tərbiyə və əxlaqdan yoxsul, namussuz və ləyaqətsiz, mahiyyət və genetik baxımdan alçaq kəslər, o biri tərəfdən də cəmiyyətə kin və nifrət toxumu səpmək, ölkədə qarşıdurma yaradıb onu dərinləşdirmək, xalqın yüzilliklər boyu daşıdığı adət-ənənələri, milli-mənəvi dəyərləri alt-üst etmək istəyən şəbəkələşmiş maraqlı siyasi qruplar çox rahatlıqla istədiklərinə nail olurlar.

 

Təsəvvür edin: xeyli sayda siyasətçi, alim, ekspert var ki, məhz bu internet televiziyalarındakı çıxışları zamanı rəy və şərh bölümlərində məruz qaldıqları təhqir və basqı ucbatından ya növbəti dəfə efirlərə çıxmaqdan imtina edir, ya da mövqelərini dəyişməyə - həmin qrupların yönləndirdiyi istiqamətdə və tezislərlə çıxış etməyə vadar edilirlər.

 

Nəticədə, bir tərəfdən siyasi meydan boş qalır və illər uzunu bəlli şəbəkənin burada süni şəkildə üfürüb şişirtdiyi dələduz “avtoritet”lər rahatca meydan sulamaqda davam edir, o biri tərəfdən cəmiyyətə fayda verə biləcək adamlar, yeni simalar öz başları, öz düşüncələriylə deyil, onlara basqı yapanların yönləndirmələriylə hərəkətə məcbur qalırlar.

 

Məncə, milli maraqlarımızı düşünən internet televiziya rəhbərləri bu problem ətrafında ciddi bir müzakirə təşkil etməli və ortaq çıxış yolu tapmalıdırlar. Nəzərə almalıdırlar ki, idarə etdikləri o televiziyalar həm də onların evi, otağı, mərhəmidir – istənilən bir əxlaqsızın, namussuzun onların evlərinə belə rahatlıqca dürtülüb istədikləri kimi davranmalarına və öz pozğun həyat tərzinin ümumun həyat normasına çevrilməsinə yol verməməlidirlər.

 

Yox, kimsə yenə “söz azdlığıdır” deyərək, o namussuzlarla və cinayətkar şəbəkəylə eyni düşüncəni və əxlaqı paylaşacaqsa, onlara haqq qazandıracaqsa, o halda sonradan baş verə biləcək ağır nəticələri qarşılamağa da indidən hazır olmalıdır.

 

Hərə öz evini, öz səngərini qorusun ki, bütövlükdə ölkəni qoruya bilək!

Müəllif: Elxan Şükürlü, politoloq