Hindistanın tarixə düşməsinə saniyələr qalmışdı, ancaq...

Maraqlı

07.09.2019 - 19:07

Hindistan 2022-ci ilə qədər kosmosa insan göndərməyi planlaşdırır

 

Hindistan kosmos araşdırmalarında tarixi uğurun kandarından dönüb. Kosmos Araşdırma Təşkilatı (ISRO) kosmos vasitəsi "Chandrayaan-2"nin eniş modulu  Ay səthinə 2.1 kilometr yaxınlaşmışkən, modulla əlaqənin kəsildiyini bildirib. Hindistan uğurlu olsaydı, Aya yüngül eniş edən dördüncü ölkə olacaqdı.

 

AYNA xarici mediaya istinadən xəbər verir, ISRO rəhbəri Kailasavadivoo Siva verdiyi açıqlamada "Chandrayaan-2"nin eniş modulunun Ay səthinə eniş prosesinin 2 sentyabrdan bu yana planlaşdırılan kimi getdiyini bildirib. Ancaq Ayın səthinə 2.1 kilometr yaxınlaşanda modul ilə əlaqənin itdiyini, məlumatları araşdırdıqlarını qeyd edib.

 

Modulun enişini ISRO-da 60 tələbəylə birlikdə izləyən Baş Nazir Narendra Modi əlaqənin kəsilməsinin ardından xalqa müraciət edib. O, alimlərdən cəsarətli olmalarını və ümidlərini itirməmələrini istəyib.

 

Uğursuz sınağın ardından göz yaşlarına boğulan ISRO rəhbəri Sivanı təsəlli edən nazir, "Daha yüksək uğurlara nail olacağıq. Elm adamlarımıza Hindistanın sizinlə fəxr etdiyini demək istəyirəm. Milli irəliləyişimizə fövqəladə bir töhfə verən müstəsna peşəkarlarsınız", - deyə bildirib. 

 

 Qeyd edək ki, Hindistan 2022-ci ilə qədər kosmosa insan göndərməyi planlaşdırır.

Müəllif: Ayna.az