Hərbi geyimdə azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanılıblar

Xəbərlər

23.02.2021 - 18:13

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib

 

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

 

AYNA xəbər verir ki, bu sözlər Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd edilib.

 

Bildirilib ki, bu il fevralın 22-də işğaldan azad olunmuş ərazilərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postunda xidmət aparan polis əməkdaşları “Niva” markalı iki avtomobili saxlayıblar: “Yoxlama zamanı avtomobildə xüsusi geyim formasında olan sürücü və sərnişinlər hərbi qulluqçu olduqlarını bildirmişlər. Lakin polisin tələbinə əsasən onlar heç bir rəsmi sənəd təqdim etməyərək israrla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstəriblər. Onların bu cəhdinin qarşısı alınmış və saxlaınlaraq avtomobilləri ilə birlikdə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər”.

 

“İlkin araşdırmalarla xüsusi geyim formasında olan bu şəxslər – Bakı şəhər sakinləri Vüsal Abdullayev, Zahir Əlişov, Rəvan Bəşirov, Pənah İbrahimov və Rəşad Əliyev mülki şəxslər olmalarına baxmayaraq haradansa əldə etdikləri xüsusi geyim formasından qanunsuz istifadə etməklə işğaldan azad olunmuş ərazilərə keçmək niyyətində olublar. Rəsmi məlumata görə, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Rayon Məhkəməsinə göndərilib”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az