HƏMAS atəşkəs rejiminin uzadılması təklifini rədd edib: fələstinlilərin şərti var

Dünya

21.12.2023 - 14:05

HƏMAS-ın mövqeyi dəyişməz olaraq qalır: onların humanitar fasilələr yaratmaq istəkləri yoxdur

Fələstinin radikal HƏMAS hərəkatı girovların azad edilməsi müqabilində İsrailin bir həftəlik atəşkəs təklifini rədd edib. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” Misir mənbələrinə istinadən iddia edir.

HƏMAS lideri İsmayıl Haniyə Misirə səfəri və kəşfiyyat rəsmiləri ilə görüşü zamanı hər hansı danışıqların başlanmasının şərti irəli sürüb. HƏMAS Qəzzada tam atəşkəsi təmin etmək və humanitar yardımı artırmaq istəyib.

Haniyə həmçinin 100 girov müqabilində bütün fələstinli məhbusların hamısının azad edilməsini tələb edib.

Fələstin rəsmilərindən biri deyib ki, HƏMAS-ın mövqeyi dəyişməz olaraq qalır: onların humanitar fasilələr yaratmaq istəkləri yoxdur. HƏMAS İsrailin Qəzzadakı müharibəsinə tamamilə son qoyulmasını istəyir.

Bir gün əvvəl “The Jerusalem Post” qəzeti məlumatlı mənbələrə istinadən yazıb ki, İsrail Qətərə ən azı bir həftəlik hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib. Bunun müqabilində İsrail HƏMAS-ın anklavda saxladığı 40 girovun azad edilməsini tələb edir. Nəşr qeyd edir ki, İsrail Qətər vasitəsilə HƏMAS rəhbərliyinə müvafiq təklif göndərib.

Bundan əvvəl İsrail mediası İsrail hərbi kabinetinin girovların azad edilməsi üçün HƏMAS qruplaşması ilə mümkün razılaşmanı müzakirə etdiyini bildirmişdi.

“Jerusalem Post” qəzeti Norveçdə İsrail kəşfiyyat xidmətinin rəhbəri Devid Barni ilə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani arasında Norveçdə keçirilən danışıqlarda da eyni məsələnin müzakirə edildiyini yazıb.

Eyni zamanda, HƏMAS bəyanat yayaraq Qəzzada saxladığı girovların azad edilməsi ilə bağlı “xalqımıza qarşı təcavüz birdəfəlik dayanana qədər” razılaşma olmayacağını bildirib.

İsrail əsgərləri Fələstin meydanı ərazisi də daxil olmaqla Qəzzanın mərkəzində HƏMAS-ın “elitar məhəlləsi” üzərində tam nəzarəti bərqərar edib.

İsrail ordusunun məlumatına görə, son həftələr ərzində İsrail hərbçiləri Rimal bölgəsində əməliyyat keçirib və burada 600-ə yaxın yaraqlı məhv edilib. Son bir neçə gün ərzində ərazi tamamilə nəzarətə götürülüb.

Müəllif: Turan Abdulla