Gənclərimizin kumirləri və günümüzün “qəhrəmanları”

Cəmiyyət

07.05.2021 - 13:23

Baxın general oğluna: adam açıq-aşkar boşluqdan əziyyət çəkir, “şan-şöhrət” axtarır

 

Bu, artıq böyük bir problemdir. Və burada söhbət şəxslərdən deyil, mövcud trenddən gedir. Baxmayaraq ki, hərəkətləri indi bütün ölkə tərəfindən müzakirə olunan bəzi “qəhrəmanlar” haqqında ayrıca qeyd etmək lazımdır.

 

Beləliklə, son günlərdə sosial şəbəkələrdə bir oğlan və bir qızın marketə girib malları yararsız hala gətirdiyini əks etdirən bir videogörüntü yayılır. Bu gənc cütlük əlləri ilə cips paketlərini əzişdirib yenidən piştaxtaya qoyur.

 

Mətbuatda yer alan məlumatlara görə, polis gəncləri müəyyənləşdirə və saxlaya bildi. Onların Bakı sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduğu ortaya çıxdı. Yerli media Rüstəm Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləmiş, işdən azad edilmiş general Novruzəli Orucovun oğlu olduğunu yazır.

 

Aha, tanış sima! Bəli, bu, eyni zamanda çoxsaylı yol qaydalarını pozduğu üçün avtomobil idarə etmək hüququndan məhrum edilmiş həmin gəncdir. Buna baxmayaraq, qanunsuz olaraq 10-OG-300 dövlət nömrə nişanlı bir BMW sürərkən, yenidən yol qaydalarını pozmuşdu. Avtobus sürücüsünün etirazlarına cavab olaraq, Orucov sərnişinlərin qarşısında ona zərbələr endirmiş və döymüşdü.

 

2014-cü ildə R.Orucov piyadanı vuraraq cinayət yerindən qaçdı. Daha sonra tutuldu və 4 il həbs cəzasına məhkum edildi. Cəzasının üçdə birini çəkdikdən sonra şərti azadlığa buraxıldı. Amma elə şərti azadlıqdaykən, yenidən cinayət törətdi. 2019-cu ildə o və dostları onların maşınına yol verməyən bir avtobus sürücüsünü döydülər. Yenə məhkəmə, “srok”, azadlıq…

 

İndi də gördüyümüz kimi, Rüstəm Orucov yenidən özünü qalmaqalın mərkəzində tapdı. Bu dəfə onun “hücumuna” yerli mağazalardakı məhsul və mallar məruz qaldı. Qeyd edək ki, Orucov qonşu ölkələrdən birinə gedərək, mağazaya girib və Ermənistanda istehsal olunan malları korlamayıb. Bu da ağılsızlıq olardı, amma heç olmasa, bir şəkildə bu gənc “özünə haqq qazandırardı”.

 

Ancaq işin məğzi budur ki, şərti olaraq, məsələn, Moskvada qırılan bir şüşə erməni konyakına görə, necə deyərlər, tam qaydada cavab verməli olacaqdı. Və hələ bu şüşənin ona qarşı necə istifadə ediləcəyi məlum deyil. Əsas məsələ - Bakıda özünü malları korlamaq və özünü “qəhrəman” hiss etməkdir…

 

Hər halda, bu “qəhrəman” açıq-aşkar boşluqdan əziyyət çəkir, “şan-şöhrət” axtarır. Xeyr, yaşıdları kimi Qarabağda döyüşməyə getməyib. Axı ora həqiqətən təhlükəli idi. Yerli mağazalardakı qidaları korlamaq, hamısını videoya çəkmək və sosial şəbəkələrdə yerləşdirməklə “cəsarət” göstərmək daha asandır. Və faciə odur ki, bu dələduzluğu “bəyənənlər” də oldu!

 

Bəs, onda eyni R.Orucova səhv etdiyini necə sübut etmək olar? Budur, deyəcək ki, nə qədər “layk” toplamışam.

 

Və ya başqa bir misal. Bakı Ağır Cinayətlər Məhkəməsində bir insanı qəsdən öldürməyə cəhddə şübhəli bilinən İ.Həsənova (2003-cü il təvəllüdlü) qarşı açılan cinayət işi çərçivəsində məhkəmə prosesi başa çatıb. Məhkəmədə təqsirləndirilən şəxsə səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsildi.

 

Hadisə 4 sentyabr 2020-ci il tarixdə saat 23:30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində baş verib. Yetkinlik yaşına çatmayan qəsəbə sakini İ.Həsənov münaqişə zəminində, 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılıb, həyatı xilas edilib və Həsənov həmin gün saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və xuliqanlıq maddələri ilə ittihamlar irəli sürülüb.

 

Məhkəmə zamanı Həsənov Yaqibekovun hadisə zamanı sərxoş olduğunu və kriminal avtoritetlər haqqında danışmağa başladığını söylədi. Həsənovun sözlərinə görə, zərərçəkmiş azərbaycanlı qanuni oğru Nadir Səlifovu (Lotu Quli) təhqir edib. Buna görə də Həsənov ona qatlanan bıçaqla boğaz və qarın nahiyəsində xəsarət yetirdi. Bunlar gənclərimizin müəyyən bir təbəqəsinin sahib olduğu xeyir və şər “anlayışlarıdır”...

 

Böyük bir problem ortadadır. Gənclərlə iş baxımından bir uğursuzluq olduğu çox açıq görünür. Və yalnız ailəni günahkar bilmək dügün deyil. Ailə əhəmiyyətlidir, amma eyni zamanda məktəb, institut, televiziya, ümumiyyətlə media və əlaqədar dövlət strukturları da vacibdir. Ölkəmizdə N qədər gənclər təşkilatları var. Kağızda filan qədər. Ancaq praktikada – gördüyümüz kimi.

 

Nümunə götürməyə şəxsiyyətlər yoxdur? Səhv cavabdır! 44 günlük müharibə zamanı canını verən şəhidlərin hər biri, qəhrəmanlıqlarının nümunəsi ilə bugünkü yeniyetmələri yetişdirmək üçün mümkün və zəruri olan əsl qəhrəmanlardır. Ancaq digər tərəfdən, Milli Məclisin üzvü Fəzail Ağamalı “qanuni oğru” Rövşən Lənkəranskinin Azərbaycan gəncliyi üçün nümunə ola biləcəyini açıq söyləyirsə, nədən danışaq?...

Müəllif: Əkbər Həsənov