Evdən çıxmayanlar üçün maraqlı rubrika başlayır

Cəmiyyət

25.03.2020 - 12:23

Təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək, ekoloji animasiyalar nümayiş etdiriləcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gündən “Facebook” səhifəsində "Evdə qal, təbiəti seyr et" (#evdəqaltəbiətiseyret) adlı rubrika başladır. Nazirliyin mətbuat katibi İradə İbrahimova AYNA-ya bildirib ki, rubrikada Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini, eləcə də milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar, nümayiş etdiriləcək.

 

"Evdə qal, təbiəti seyr et" rubrikasında həm də təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək, ekoloji animasiyalar nümayiş etdiriləcək.

 

Bölümdə ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq. ETSN-in sözçüsü izləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsinin təşkil ediləcəyini bildirib.

Müəllif: Ayna.az