Əsassız erməni təəssübünə məntiqli reaksiya və Vaşinqtondan Bakıya edilən zəng - Gərginlik azalır?

Siyasət

29.11.2023 - 14:03

Sabiq nazir: “Azərbaycanın cavab bəyanatları, sülhlə bağlı İrəvana vasitəçisiz danışıqlar təklifi ABŞ rəsmi dairələrini narahat etməyə başladı”

ABŞ Konqresinin qərarından və dövlət katibinin köməkçisi Ceyms O'Braynın bəyanatlarından sonra Azərbaycan-ABŞ münasibətlərindəki gərginləşmədə səngimə müşahidə olunur. Xüsusilə ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi, aparılan fikir mübadiləsindən sonra gərginliyin yavaş-yavaş aradan qalxacağı ehtimalı var.

Qeyd edək ki, noyabrın 27-də Blinken İlham Əliyevə zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, telefon söhbəti zamanı Prezident qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.

Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində deyib ki, baş verən hadisələr Azərbaycanla yox, daha çox Ermənistanda gedən proseslərlə bağlıdır:

- Biz görürük ki, ABŞ və Rusiya qüvvələri Ermənistanda kəskin konfrantasiya şəraitindədirlər. Demək olar ki, Rusiyanın imkanlarının zəifləməsi, Qərbin isə imkanlarının güclənməsi fonunda baş verən proseslərin şahidiyik. Ona görə də Azərbaycana qarşı səslənən fikirlər daha çox Ermənistandakı proseslərlə birbaşa əlaqəlidir. Xüsusilə, ABŞ Senatında səslənən bəyanatlar onu göstərdi ki, ABŞ ilk növbədə, burada propaqanda məqsədləri güdürdü. Bir sözlə, səslənən bəyanatların ünvanı Ermənistan ictimaiyyətidir. Bununla Ermənistan cəmiyyətinin istəklərini təmin etdiklərini göstərirdilər.

- Yəni ermənilərin xoşuna gəlmək üçün ABŞ Azərbaycanla münasibətlərini pozur?

- Bu, ermənilərin xoşuna gəlmək üçün verilən bəyanatlardır, amma ABŞ həm də Azərbaycanla münasibətlərin korlanmasını istəməz. Biz baxsaq,  görərik ki, Azərbaycana qarşı bəyanatlar may ayında Blinkenin verdiyi bəyanatlarla ziddiyyət təşkil edir. O'Braynın dedikləri birtərəfli idi. Həmin fikirlərdə Ermənistana dəstək görünürdü. Eyni zamanda, antiterror əməliyyatları zamanı guya ki, “əziyyət çəkən”, bu hadisələrin “qurbanı olan” Qarabağ ermənilərin təəssübünü çəkmək idi. Amma Blinkenin bu ilin may ayında səsləndirdiyi fikirlərə baxmaq lazımdır. Xatırlatmaq istərdim ki, may ayında Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşlər keçirdilər, danışıqlar apardılar. Həm dövlət katibi, həm də ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri bu görüşlərdə aktiv iştirak edirdilər, müzakirələrə dəstək verirdilər.

Məsələn, Blinken demişdi ki, müxtəlif ölkələrdə yaşayan milli azlıqlar mövzusu həllini tapmalıdır. Yəni ki, Qarabağda yaşamış və sonradan bölgəni tərk etmiş ermənilərin məsələsi müzakirə olunursa, paralel şəkildə vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların məsələsi də müzakirə olunmalıdır. Amma O'Braynın bəyanatlarında azərbaycanlıların məsələsi əksini tapmırdı. Ona görə deyirəm ki, O'Braynın timsalında səslənən fikirlər propaqanda tipində idi.

- Bu propaqandada məqsəd nə idi?

- ABŞ-ın, Qərbin əsas məqsəd ondan ibarətdir ki, Rusiyanı Cənubi Qafqazdan çıxarsın. Bunun üçün ABŞ-da ermənilərin xoşuna gələn bəyanatlar səsləndirilir. Təbii ki, burada müxtəlif mövqelər ola bilər. Amma Azərbaycan hesab edir ki, əgər ABŞ Rusiya ilə Ermənistan uğrunda rəqabət aparırsa, bu, Azərbaycanın hesabına həll olunmamalıdır.

Onu da nəzərə almaq lazımdır ki, ABŞ-da gələn il seçkilər keçiriləcək. Bəzi senatorlar seçki məsələsini də nəzərə alır və erməni lobbisinin təkid etdiyi mövzuları gündəmə gətirirlər. Görürük ki, bəzi qüvvələr, o cümlədən Ağ Evdə, Dövlət Departamentində olan bəzi məmurlar artıq gələn il keçiriləcək seçkilərə hazırlaşmağa başlayıblar. Azərbaycana qarşı verilən bəyanatlarda həm də erməni lobbisinin könlünü almaq niyyəti görünür.

- Sizcə Blinken-Əliyev telefon danışıqlarından sonra gərginlik yumşalacaqmı?

- Təbii ki, Azərbaycanın ABŞ-ın bu mövqeyinə, verilən bəyanatlara reaksiyası məntiqlidir. Ola bilsin ki, ABŞ-dakı bəzi rəsmilər bu reaksiyanı gözləmirdi. Amma rəsmi Bakıdan verilən reaksiya məntiqli və siyasi iradəni özündə ehtiva edən reaksiya idi. Azərbaycan bəlli olan mövqeyini açıqladı. ABŞ, yaxud digər ölkələr Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsinə vasitəçilik etmək istəyirlərsə, mütləq balanslı mövqe sərgiləməlidirlər. Əks halda, belə vasitəçilik bizə lazım deyil. Azərbaycanın cavab bəyanatları, sülhlə bağlı İrəvana vasitəçisiz danışıqlar təklifi ABŞ rəsmi dairələrini narahat etməyə başladı. ABŞ rəsmiləri hiss etdilər ki, sülh prosesindən tamamilə kənarda qala bilərlər. Ona görə də Blinken Azərbaycan Prezidentinə zəng etdi. Baş verənlər onu göstərdi ki, Azərbaycan ona qarşı təzyiqlərə baş əyməyəcək, hansısa ədalətsiz yanaşmalara, təklifləri qəbul etməyəcək. Hesab edirəm ki, bundan sonra sərtləşən münasibətlərdə yumşalma müşahidə ediləcək. Sadəcə baxmaq lazımdır ki, ABŞ-dan bundan sonra hansı bəyanatlar səslənəcək.

Müəllif: Anar Bayramoğlu