Ermənistanın KTMT-dən çıxma perspektivi: İrəvan Bakı ilə təkbətək qalarsa...

Siyasət

22.09.2022 - 14:12

Asif Nərimanlı: “Paşinyanın manevrləri öz hakimiyyətinin “bazar qiyməti”ni yüksəltməyə hesablanıb”

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfəri zamanı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmalı olduğuna işarə etdi. İrəvanda çıxışı zamanı Pelosi bildirdi ki, ABŞ Ermənistanın təhlükəsizlik seçimi ilə bağlı dəqiqləşdirməsini öyrənməyə çalışır. Yəni Ağ Ev İrəvandan seçim tələb edir: ya KTMT, ya Qərbə istəqamət. Ermənistan hakimiyyətinin hansı seçimi edəcəyi suallar doğurur.

Onu da qeyd edək ki, Pelosinin səfəri günlərində Ermənistanda anti-Rusiya aksiyaları keçirildi. Aksiyaçılar ölkənin KTMT-dən çıxmasını hökumətdən tələb etdilər. Bundan əvvəl isə erməni mediasında KTMT-nin lazımsızlığı, Ermənistanın orada təmsilçiliyinə son qoyulması ilə bağlı təbliğat aparılır.  

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı deyib ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra əsas missiyası Ermənistanda Rusiya təsirini azaltmaq idi:

- Lakin Qarabağ münaqişəsinin sülh danışıqları ilə yox, müharibə ilə həlli və bölgədə Rusiyaya paralel olaraq Tükriyənin təsir imkanlarının artması bu xəttin inkişafını dayandırdı. Sərhədin müəyyən edilməsi prosesi isə Paşinyan hakimiyyəti üçün Rusiyadan uzaqlaşmağa səbəb yaradan amilə çevrilib. Zəngilandan Laçına qədər sərhədin müəyyən edilməsi ilə bağlı irəliləyişlər problemsiz davam etsə də, Paşinyan hakimiyyəti Kəlbəcər istiqamətində sərhədin müəyyən edilməsinə problemlər yaratmağa başladı və təxribatlarla bu istiqamətdə gərginliyi artırdı. Əsas tələb kimi KTMT-nin bölgəyə gəlişini irəli sürsə də, istədiyi cavabı almadıqdan sonra “beynəlxalq müşahidəçilər” adı ilə Qərb qüvvələrinə “qapı açmaq” gedişini etdi.

Bu, Rusiyanı fakt qarşısında qoymaq və sərhəd məsələsində dəstək qazanmaq siyasəti idi, lakin İrəvan da anlayırdı ki, Moskva bölgədə açıq tərəf olmayacaq və Rusiya üçün dilemma yaradan bu məsələ, belə demək mümkünsə, Ermənistan hakimiyyəyi üçün “göydəndüşmə” oldu. Son bir ildə Ermənistan sərhəddə dəfələrlə gərginlik yaradaraq, KTMT-nin gəlişini gündəmə gətirir, “yox” cavabı aldıqda sonra bunu anti-Rusiya kampaniyasında əsas olaraq istifadə edir.

Sərhəddə son döyüşlər Ermənistan hakimiyyəti üçün yaxşı fürsət oldu. Əslində proseslərin ardıcıllığı baş verənlərin planlı şəkildə olduğu ehtimalını gücləndirir. Pelosinin İrəvana səfəri avqustun sonunda bəlli idi və xanım spikerin bölgədə təkcə Ermənistana səfər planlaşdırması ABŞ-ın bölgəyə dair planlarının tərkib hissəsi idi. Vaşinqton da “Minsk qrupu”na yeni “həmsədr” təyin etmişdi və məlum idi ki, bölgədə postmünaqişə reallığını dəyişmək cəhdləri ola bilər.

Avqustun 31-də Brüsseldə Əliyevlə Paşinyan görüşdü. Bu görüşdə sülh sazişinin mətni üzərində işləyəcək işçi qrupunun yaradılması razılığı o demək idi ki, İrəvanın prosesləri uzatmaq üçün əl atdığı diplomatik manevrləri tükənir. Bu görüşdən sonra Ermənistanın sərhəddə təxribatları intensivləşdi. Paşinyan Brüsseldən sonra Rusiyada səfərdə oldu və iddia etdi ki, “Azərbaycan dünyanın, eləcə də Rusiyanın diqqətinin Ukraynada olmasından istifadə edərək, eskalasiya yarada bilər”. Həmin vaxt da yazırdıq ki, Paşinyan bununla alibi qazanmaq gedişi edir və sərhəddə gərginlik daha da kəskinləşdiriləcək. Elə də oldu, Ermənistan sentyabrın 12-dən başlayaraq, genişmiqyaslı təxribatlara başladı, Azərbaycanın cavab addımları onlar üçün ağır olsa da, Paşinyanın siyasi baxımdan istəyinə müəyyən qədər nail olduğu görünür. Sülh gündəliyini, həm də Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları arxa plana keçirdi.

ABŞ-ın da istəyi bu idi və bununla Vaşinqtondan da müəyyən dəstək qazandı, buna paralel olaraq, KTMT-nin ermənilər üçün heç nəyə yaramadığını nümayiş etdirdi. Lakin Ermənistan da anlayır ki, KTMT-dən çıxmaq asan məsələ deyil və bunun əvəzini daha ağır ödəyə bilər. Fikrimcə, Paşinyan hakimiyyəti siyasi oyun oynayır: ABŞ-a KTMT-dən çıxmaq istədiyini, Rusiyaya isə çıxa biləcəyini göstərir. Bununla həm Qərbin, həm Rusiyanın  dəstəyini qazanmağa çalışır. Paşinyanın bu manevri Ermənistanın, eyni zamanda, öz hakimiyyətinin “bazar qiyməti”ni yüksəltməyə hesablanıb.

- Erməni cəmiyyətində anti-Rusiya mövqeyinin güclənməsi İrəvan üçün nələr vəd edir?

- Ermənistan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyənin güclənməsində maraqlıdır və davamlı olaraq bunu körükləyir. Bu, Paşinyanın Rusiya qarşısında əlini gücləndirən məqamlardandır. Lakin Kreml də bu oyunu anlayır və anti-Rusiya mövqeyinin kəskin hal alacağı halda Paşinyanın manevrlərinin əks-effekt verə biləcəyi cavab addımları da atıla bilər.

- Əgər Ermənistan KTMT-dən çıxmaq qərarı verərsə, o zaman buna Rusiyanın reaksiyası necə olacaq?

- Rusiya prosesin bu həddə çatmamasına çalışır. KTMT-nin bölgəyə missiya göndərməsi də üzvü olduğu Ermənistanın tələbinə laqeyd qalmadığını göstərmək məqsədi daşıyırdı. Hərçənd, hadisələrin inkişafı Ermənistanın KTMT-dən uzaqlaşması və ABŞ-ın qucağına qaçmasına doğru inkişaf edərsə, Rusiyanın sərt addımlarınə görə bilərik:

Birincisi, enerji resurslarının təchizatında problemlər yarada bilər. Ki, Ermənistanın alternativ imkanları yox dərəcəsindədir.

İkincisi, daxili siyasətdə etirazları körükləyəcək, lakin bu dəfə şüar, böyük ehtimalla, Qarabağ yox, Zəngəzur olacaq: müxalifətin Qarabağla bağlı son aksiyası təsdiq etdi ki, erməni cəmiyyəti artıq bu problemdən xilas olmaq istəyir, Zəngəzur məsələsini isə Ermənistanın daxili problemi olaraq görürlər - son döyüşlərdə Ermənistanın itkiləri üzərindən artıq Paşinyana qarşı kampaniya prosesi.

Üçüncüsü, Ermənistan üçün ən böyük zərbə Azərbaycanla təkbətək qalmasıdır, bunu 44 günlük müharibə və sərhəddə baş verən toqquşmalar sübut edir: Moskva sadəcə neytral mövqedə dayana, üçtərəfli razılaşmaların icrasını tələb edə və anlaşmaların praktiki mərhələdə icrası məqsədilə Bakının ata biləcəkləri addımlara müdaxilə etməyə bilər: bu, Paşinyan hakimiyyəti üçün ağır nəticələr vəd edir, çünki bölgədə proseslərə praktiki müdaxilə imkanı Rusiyadadır, Qərbin dəstəyi bəyanatlardan, çağırışlardan uzağa getmir.

Fikrimcə, bu perspektivi Ermənistan tərəfi də anlayır, o baxımdan, KTMT-dən çıxmaq məsələsinin daha çox siyasi gediş olduğunu, həm Qərb, həm də Rusiya qarşısında dividend qazanmağa hesablandığını düşünürəm.

- Pelosinin Ermənistan səfəri və verdiyi bəyanatlara Kreml Peskovun timsalında münasibətini açıqladı. Sizcə, Peskovun sözlərinin arxasında nə dayanır?

- Peskov, yəni Rusiya öncə bölgədə əsas “hakimin” onlar olduğu mesajını verir, eyni zamanda, tərəflərə - Azərbaycan və Ermənistana mesaj verir ki, Pelosinin, yəni ABŞ-ın dedikləri quru vəddən ibarətdir. Rusiyadan belə bir açıqlama gözlənilən idi, çünki Pelosinin səfəri, ümumilikdə ABŞ-ın bölgə ilə bağlı yürütdüyü siyasət, sərhəddə baş verən toqquşmalar və s. geosiyasi proseslərin bir parçasıdır. ABŞ çalışır ki, Rusiyanın vasitəçilik təsirlərini minumuma endirsin, bunun üçün üçtərəfli razılaşmaları arxa plana keçirmək lazım idi. Sərhəddə eskalasiyanın yaradılması buna hesablanmışdı. Eyni zamanda, təmaslar Vaşinqtonun təmsilçiliyi ilə qurulsun, bununla bağlı da müəyyən addımlar atılır.

Hərçənd, proseslərin bu istiqamətdə inkişafı ABŞ və Ermənistana sərf etsə də, Rusiya və Azərbaycana sərf etmir. Bakı üçün əsas məsələ üçtərəfli razılaşmaların icrası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan buna qarşı bütün vasitələrdən istifadə edir, ABŞ-ın müəyyən qədər dəstəyini alması da göstərir ki, qeyri-konstruktiv mövqe davam edəcək. Bu, zamanın uzanması, zamanın uzanması isə geosiyasi şərtlərin dəyişməsi ilə bölgədəki gündəliyin arxa plana keçməsi risklərini yaradır. Bu baxımdan, vaxt Azərbaycanın əleyhinə işləyir. Fikrimcə, Ermənistan sülh gündəliyini “dəfn etmək” üçün təxribat hücumlarını genişləndirə bilər, Azərbaycan bunu bilir və Ermənistana vurula biləcək növbəti zərbə əvvəlkindən daha ağır olacaq. Göründüyü kimi, həlledici məqam hələ qarşıdadır.

Müəllif: Anar Bayramoğlu