Erməni dilini öyrənmək istəyənlər üçün vəsait çap olundu

Xəbərlər

06.01.2021 - 15:57

BMTM erməni dilini öyrənmək istəyənlər üçün dərs vəsaiti nəşr etdirib

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) mütəmadi şəkildə erməni dili kurslarının təşkilini davam etdirir. Kurs siyasi elmlər doktoru Hatəm Cabbarlı tərəfindən tədris olunur. BMTM həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsait nəşr etdirib. Bu barədə AYNA-ya BMTM-dən bildirilib.

 

Qeyd edilib ki, erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər. Bu nəşr beş hissə və 32 dərsdən ibarətdir. Dərs vəsaitində mövzulara uyğun olaraq 182 çalışma, 54 oxu mətni və onlara aid lüğət verilib.

 

“Vəsaitin elektron versiyası BMTM-in saytında nəşrlər bölməsinə yerləşdirilib. Kitab, həmçinin məhdud sayda dərc olunub. Müxtəlif təhsil ocaqlarında erməni dilini öyrənən və bu kitabı əldə etmək istəyənlər Mərkəzin Mirzə İbrahimov 8 ünvanında yerləşən binasına müraciət edə bilərlər”, - deyə vurğulanıb.

 

Qeyd edək ki, nəşrin elektron versiyasını aşağıdakı linkdən keçid etməklə yükləmək mümkündür.  

 

Müəllif: Ayna.az