“Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyi dəyişməz olaraq qalır”
“Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyi dəyişməz olaraq qalır”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Krım Platforması sammitinin iştirakçılarına videomüraciətində deyib.
Türkiyə dövlət başçısı vurğulayıb ki, Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir.
Prezident Ərdoğan qeyd edib ki, “Türkiyə müharibəni Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə əsaslanan ədalətli və davamlı sülhlə bitirməyi səmimi arzulayır”.
Türkiyə Prezidenti sammitin təşkilində əməyi olan hər kəsə, ilk növbədə, ukraynalı həmkarı Volodimir Zelenskiyə və Krım tatar xalqının lideri Mustafa Kırımoğluna minnətdarlığını bildirib.
Türkiyə lideri xatırladıb ki, builki sammit Krım tatar xalqının deportasiyasının 80-ci ildönümünə təsadüf edir. O qeyd edib ki, “Vətənlərindən zorla qovulan Krım tatar türklərinin yaşadıqları faciənin ağrıları 80 ildir dinmir və yaraları sağalmır”.
Türkiyə lideri həmçinin vurğulayıb ki, Türkiyə Krımın ilhaqını heç vaxt tanımayıb.
Prezident vurğulayıb ki, “Krımın yerli xalqlarından biri olan Krım tatar türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsi Türkiyənin xarici siyasətinin prioritetləri sırasındadır”.
“Ukrayna hökumətinin Krım tatar türklərinin hüquqlarını gücləndirmək üçün hazırladığı hüquqi normalardan bir daha məmnun olduğumu bildirmək istəyirəm”, Ərdoğan söyləyib.
Türkiyə lideri qarşıdakı dövrdə “Krım tatar türklərinin hüquqlarının gücləndirilməsi üçün əlavə addımların atılacağına” ümid etdiyini bildirib.
Prezident qeyd edib ki, Krım tatarlarının “öz vətənlərində azad, təhlükəsiz və dinc yaşamaq” hüququ var.
Ərdoğan Krım Tatar Məclisinin sədr müavini Nəriman Cəlalın üç il həbsdən sonra azadlığa çıxmasından məmnunluğunu ifadə edib: “Biz Asan və Əziz Ahmetov qardaşları da daxil olmaqla, bütün Krım tatarı olan soydaşlarımızın tezliklə azadlığa buraxılmasını gözləyirik”.
Türkiyə Prezidenti çıxışının sonunda Krım Platforması çərçivəsində görülən işlərin “Krımda, Ukraynada və bütövlükdə regionda sülhün təmin edilməsi üçün” beynəlxalq səylərə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Dövlət başçısı Krım tatar xalqının deportasiyası qurbanlarının xatirəsini ehtiramla yad edib.