Dəlicəsinə sevilən, heç vaxt yaddan çıxmayan şeir kimi…

Mədəniyyət

28.05.2022 - 22:35

“Mənim bu dediklərimi isə yazma. Mən öləndən sonra yazarsan. O daha maraqlı olar...”

Bu sətirlər səsi yaddan çıxmayan şeir kimi ürəklərə hopan sənət aşiqinin - Fuad Poladovun dilindən süzülmüşdü bir vaxtlar. “Həyatın dibinə” kimi sirli dərinliklərə varıb, “Məkr və Məhəbbəti”nə bələd olduğu üçün demişdi bunları.

O, həyatda “Boy çiçəyi”ni soldurub “Qarışıq hisslər”ni yalnız “Axırıncı dayanacaq”da etiraf etməyi bacaranların daha çox olduğunu bilirdi. “Ən vacib müsahibə”nin belə, müsahibini itirdikdən sonra vacibliyinin başa düşüldüyünü... O bilirdi, “Dolu” yağdıqca davam edən həyatda dəyər qazanmaq üçün bir ömür istintaqının davam etdiyini.

Necə də qəribə səslənir, maraqlı olmaq üçün səni itirməlidirlər. Ancaq səni itirmədən oxuyanlar da tapılır həyatda:

“O kitabı yenə də açmaq istəyəndə gördüm, cildi sökülüb, varaqları tökülüb yerə. Açığını deyim, bir az özümü pis hiss elədim. Bu qədər sevdiyim kitabı bu kökə saldığım üçün”. (Xalq artisti, aktyor Fuad Poladovun çıxışından bir parça)

Düzdür, bəzən sevdiklərini elə oxuyurlar ki, həmin insanı da kökdən salırlar. Amma onun dediyi kimi: “Qatı açılmamış kitab olmaqdansa, belə kitab olmaq daha yaxşıdır. Yol tapdana-tapdana, kitab oxuna-oxuna kitab olur”.

Eyni ilə insan kimi: “Sevilmək istəyir, dəlicəsinə, yaddan çıxmayan şeir kimi”. (Xalq artisti, aktyor Fuad Poladovun çıxışından bir parça)

Çünki qatı açılmamış kitab kimi gizlətdiyimiz duyğular üzünü açmağa qıymadığımız “Məhv olmuş gündəliklər”ə dönüb qəlbimizin dərinliklərinə çökür. Yox olub gedir, bizimlə itir...

Amma o oxundu. Əvvəldən axıra kimi oxumağa gücümüz yetmədi, bəlkə də. Fəqət “Əzbər qalmaq istəyirəm kiminsə yaddaşında” sədasına səs verdi dünya. Yaddaşlarda qaldı. Adi insan, adi aktyor kimi yox, dəlicəsinə sevilən, heç vaxt yaddan çıxmayan şeir kimi...

Günel Natiqqızı,

AYNA üçün

Müəllif: Ayna.az