Keçən il bütün dünyada 542 min yeni sənaye robotu quraşdırılıb
Beynəlxalq Robototexnika Federasiyasının (IFR) məlumatına görə, keçən il bütün dünyada 542 min yeni sənaye robotu quraşdırılıb ki, bunun da 54 faizi (295 min) Çində olub. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
Təşkilatdan qeyd edilib ki, Çin bu sahədə əhəmiyyətli artım potensialına malikdir - 2028-ci ilə qədər hər il orta hesabla 10%.
Federasiyanın məlumatında vurğulanıb ki, 2024-cü ildə quraşdırılan sənaye robotlarının ümumi sayı 2015-ci ildəki 254 000 robotla müqayisədə iki dəfə artıb.
IFR-in hesablamalarına görə, keçən il quraşdırılmış bütün robotların 74%-i Asiya, 16%-i Avropa, 9%-i Şimali və Cənubi Amerikanın payına düşüb.
Məlumatda bildirilib: "Robotexnika sənayesi qlobal makroiqtisadi şəraitə qarşı immun deyil, lakin ümumi uzunmüddətli artım tendensiyasının tezliklə sona çatacağına dair heç bir əlamət yoxdur".
IFR bu il sənaye robotlarının quraşdırılmasının 6% artacağını (575 000) və 2028-ci ildə bu rəqəmin 700 000-i keçəcəyini proqnozlaşdırır.