Bir şeirin tarixçəsi

Mədəniyyət

04.07.2020 - 00:21

Həkimlər Klinikalar SEO Xidməti

Mərdlik bizdə var,

Bizdə mərdlik var 

 

Mən elə bir ailədə dünyaya göz açdım ki... O ailədə bizə hər zaman dürüstlük, halallıq, insanlıq, mənəviyyat cədvələ sığmayan bir dərs kimi öyrədilirdi. Deyərdim ki, hallalığı, saflığı bizə öyrətmək lazım deyildi. Çünki artıq bu halallıq bizim qanımıza hopmuşdu. Biz doğularkən dosta sədaqətli, insanlara mərhəmətli doğulduq. Bu da Uca Allahdan bizə bəxş edilən xoşbəxtlikdir.


İndi sizinlə bir şeirin tarixçəsini paylaşmaq istəyirəm. O tarix kişiliyə nümunə olan bir tarixdir. Bir süfrə başında olan zaman Cavanşir baba (babam Yusif müəllimin qardaşı) bizə mərd olmağı təbliğ edirdi. Kişilik məktəbi idi Cavanşir baba. APİ-nin Bədən Tərbiyəsi fakültəsinin ilk məzunlarından idi. İnsan Anatomiyasını o qədər dərin bilirdi ki, deyərdim ixtisaslı həkimdən də savadlı idi. Ədəbiyyatı dərin bilirdi. Səməd Vurğunu əzbər bilirdi.


...Bir yay günü idi. Bizə qonaq gəlmişdi. Yenə də süfrə ətrafına yığışıb onun söhbətlərini doya-doya dinləyirdik. Kişiliyə nümunə olacaq bir xatirə danışdı o zaman. Danışdıqca sanki gözündə həyat eşqi qaynayan 20-21 yaşlı bir gəncə çevrilirdi. İndi o xatirəni sizlərlə də bölüşürəm:


“Sonuncu kursda oxuyurduq. Novruz Bayramı ərəfəsi idi. İnstitutut da bayram əhval-ruhiyyəsində idi. Bilirsiniz ki, Novruz Bayramını dövlət səviyyəsində keçirmək rəhmətlik Şıxəli Qurbanovun gərgin əməyi, əzmkarlığı sayəsində baş tutdu. Tədbirdə iştirak edən tələbələr hər kəs öz ixtisasına uyğun bacarıq nümayiş etdirməli idi. Əynimizdə triko (idman geyimi) güləş döşəklərinin üstündə göstərəcəyimiz nömrələri məşq edirdik. Bir də baxdım ki, üç nəfər oğlan (qrup yoldaşlarım) lojaya (küləfrəngiyə) baxıb gülürlər. Soruşdum ki, niyə gülürsünüz? Mənə lojanı göstərdilər. Dedilər: "Bir yuxarı bax. Orda oturan qadın elə oturub ki... Baxanda gülməmək mümkün deyil". Mən onların bu hərəkətlərinə bərk əsəbləşdim və hər üçünü silləylə vurdum. Dedim ki, o qadın sizin ananız, bacınız, xalanız da ola bilərdi. Və bu sözləri deyib tez döşəyi tərk edib, pilləkanlarla yuxarı qalxdım. Həmin xanıma yaxınlaşdım. Dedim: "Xanım, üzr istəyirəm. Anam, bacım olasınız, çox xahiş edirəm, bir az rahat oturun". Qadın mənim nə dediyimi tez başa düşdü və məni qucaqlayıb öpdü. Minnətdarlıq etdi. Mən yenidən döşək üzərinə döndüm. Tədbir qurtardı. İnsanlar zalı tərk etdikləri vaxt bir də baxdım ki, kimsə qolumdan tutdu. Çevrilib baxanda həmin qadını gördüm. Gözləri yaşarmışdı. Mənə yenidən minnətdarlıq edirdi: "Oğlum, sağ ol. Minnətdaram. Sən mənim namusumu doğma ananın namusundan ayırmadın. Sən igidsən. İgid, sənə sağ ol deyirəm. Sənin bu mərdliyin məni duyğulandırdı və mən elə bu hadisədən sonra bir şeir yazdım. O şeir sənin mərd hərəkətindən sonra doğuldu. Və o şeiri sənə hədiyyə edirəm".

 

Deyiləm


Ağrıma ürəyim, ağrıma canım,
Mən səni əllərə salan deyiləm,
Xoşdur haqq yolunda alışıb yanım,
Ömrümü təzədən alan deyiləm.

 

Qoymaram birisi söz etsin məni,
Biri astar etsin, üz etsin məni,
Biri xırdalayıb yüz etsin məni,
İnsanam əllərdə talan deyiləm.

 

Bir düzün yerini min əyri verməz,
“Yalan ayaq tutar, fəqət yeriməz,”
Doğruluq hər rəngə, hər dona girməz,
Mən də rəngdən rəngə çalan deyiləm.

 

Dünya xali deyil nadandan hələ,
Nadanlıq ləkədir obaya-elə,
Ayıbı görə-görə, mən bilə-bilə,
Ağzıma su alıb qalan deyiləm.

 

Keçdi tufanlarda həyatım mənim,
Boranda bərkidi qanadım mənim,
Ay elim, ay obam, elatım mənim,
Bir Haqq carçısıyam, yalan deyiləm."

 

P.S. Bu şeiri Cavanşir babaya təqdim edən həmin qadın görkəmli Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi olub.

 

Səbinə Yusif

Müəllif: Ayna.az