Üçə qədər sayaq, gözlərimizi açanda bizə sarı qaçacaq
İllər keçir, böyüyürük, çoxumuzun içində səslənir bu misralar: “bir səhər yuxudan durub, özünü uşaq görəsən”. Çox qəribədir, illər öncə demək olar ki, hər birimizin fərqli cavablar verdiyi sualın cavabları da eyniləşir böyüdükcə. Həmin sual sirr kimi qalsın hələ ki. Nağlın sonunda göydən düşən üç alma kimi sonda çatar sahiblərinə.
Böyüdükcə dəyişir dünyamız. Bizi də dəyişdirir, sevdiklərimizi dəyişdirən, ya da sevdiklərimizin dünyasını dəyişdirən dünya. Zaman bizə çox şey qazandırır bəlkə də.
Amma ən məsum, qayğısız dostumuzu — illərin astanasında gülümsəyərək dayanan uşaqlığımızı itiririk. Bir səhər yuxudan durub onu tapmaq istəyirik. Oyun oynayır, gizlənib bəlkə bizdən. Üçə qədər sayaq, gözlərimizi açanda bizə sarı qaçacaq.
Ancaq bu oyunda üçə qədər saymaq istəməyənlər də var təəssüf ki. Gözünü açanda bərk-bərk qucaqlamaq üçün öz məsum dostundan başqa kimsəsi olmayanlar. Bir də bu oyunun varlığından xəbərsiz olanlar.
Bəlkə də, nə vaxtsa, üçə qədər saymaqdan qorxmayanlar da olacaq. Buna inanmaq ümidi ilə yaşayarıq ən azından. Bütün bunlara rəğmən, ümidlərimizin gerçəkləşəcəyi gün gəlsə belə, uşaqlıq illərində bizə verilən suala cavabımız bir olacaq sonda:
— Böyüyəndə kim olmaq istəyirsən?
— Uşaq...
Ramiz Rövşənin də öz uşaqlıq nisgili var:
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.
Günel Natiqqızı,
AYNA üçün