“Bərgüşad” şadlıq evinin sahibi həbs edilib

Xəbərlər

05.11.2021 - 18:15

Yeniyetmələri qeyri-qanuni işlədirmiş

Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejiminin tələblərindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, rayonun Bərgüşad kəndində yerləşən “Bərgüşad” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və 250 nəfər qonağın məclisdə iştirak etməsi müəyyən olunub.

Şöbə əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozan şadlıq evinin inzibatçısı Məcid Xəlilli barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, səkkiz sutka həbs edilib.

Bundan əlavə, keçirilən monitorinq zamanı adıçəkilən şadlıq evində 16 yaşından aşağı olan yeniyetmələrin əmək müqaviləsi olmadan çalışdıqları da aşkarlanıb.

Bu qayda pozuntusu ilə bağlı M.Xəlilli barəsində toplanmış materiallar inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.

Müəllif: Ayna.az