Bərdədə həmkəndlisinin qətlində şübhəli bilinən şəxs tutulub

Xəbərlər

27.07.2021 - 11:28

Asəf Cabbarov istintaqa cəlb olunub

 

İyulun 27-si saat 02 radələrində Bərdə rayonunun Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat verilib.

 

Bərdə Rayon Prokurorluğunun AYNA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Asəf Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Müəllif: Ayna.az