Baş nazirdən deputatlar qarşısında vəd: maliyyə böhranı Azərbaycanı "vurmayacaq"

Cəmiyyət

15.03.2022 - 15:14

Əli Əsədov Milli Məclisdə hökumətin hesabatını təqdim edib, deputatların isə ondan xahişləri olub

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub. Hesabatı Baş nazir Əli Əsədov təqdim edib.

Milli Məclisin Sədri Sahibə Qafarova Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatı ilə tanış olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ölkənin 53 milyard dollar maliyyə ehtiyatı var: "Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın gücləndirilməsi 2021-ci ildə də öz təsdiqini tapıb. Ötən bir il ərzində daha da artırılmış iqtisadi göstəricilər inkişafı sürətləndirir".

Baş nazir: "Ordunun maddi-texniki bazası gücləndirilib"

Hesabat çıxışına başlayan Baş nazir Ə.Əsədov deyib ki, hökumətin Milli Məclisdə hesabat verməsi təcrübəsi konstitusion norma kimi qəbul olunub: "2021-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişaf təmin edilib. "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf prioritetləri" haqqında Sərəncama uyğun olaraq, ötən dövrdə önəmli işlər görülüb".

"Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən əlillərə və şəhidlərin ailələrinə 2021-ci ildə 3 mindən çox mənzil təqdim edilib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün büdcədən 354 milyon manat vəsait ayrılıb. 2021-ci ildə ordunun inkişaf etdirilməsi istiqamətində addımlar atıldı. Bu baxımdan, Komando qüvvələrinin yaradılmasını xüsusi qeyd etməliyik. Bu qüvvələrin yaradılması döyüş qabiliyyətinin artırılmasına gətirib çıxarıb. Ordunun maddi-texniki bazası gücləndirilib", - deyə Baş nazir vurğulayıb.

"Müharibə ilə əlaqədar maliyyə-bank sahəsinin üzləşdiyi problemlər Azərbaycana təsir etməyəcək"

Ə.Əsədov diqqətə çatdırıb ki, 2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 35.6 milyard ABŞ dollarına çatıb: "Strateji valyuta ehtiyatları 53 milyard dolları keçərək xarici dövlət borcunu 7 dəfə üstələyib. 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25.4 milyard manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib".

Baş nazir hökumətin hədəflərini də açıqlayıb. Ə.Əsədov bildirib ki, Prezident İlham Əliyevin yerli TV kanallarında verdiyi müsahibədə hökumətin qarşısında vacib məqsədlər qoyduğunu deyib: "2022-ci ildə dayanıqlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, xərclərin optimallaşdırılması, qənaət rejimində istifadəsi, anti-inhisar siyasəti, əhalinin sosial rifahının yüksəldilməsi, rəqabətli insan kapitalı, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, idxaldan asılılığın azaldılmasına nail olmaq və digər hədəflər qarşıya qoyulub. Aqrar sahənin inkişafında əsaslı dönüş yaratmalıyıq".

"Şuşa ili ilə bağlı tədbirlər planı hazırlanıb və təsdiq edilib.  Şuşa ən yüksək səviyyədə dövlət başçılarının səfərinə ev sahibliyi edir. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi strateji müttəfiqlik əlaqələrinin ən yüksək səviyyədə gücləndirilməsinə imkan yaratdı", - deyə Baş nazir əlavə edib.

Ə.Əsədov Ukraynada baş verən hadisələrdən danışarkən qeyd edib ki, soydaşlarımızın Ukraynadan təhlükəsiz təxliyəsi üçün bütün addımlar atılır: "Bu gün səhər saatlarına olan məlumata görə, Ukraynada yaşayan 9246 vətəndaşımız təxliyə edilib. Hazırda proses davam etdirilir".

Baş nazir, həmçinin qeyd edib ki, müharibə ilə əlaqədar maliyyə-bank sahəsinin üzləşdiyi problemlər Azərbaycana təsir etməyəcək: "Azərbaycanın maddi ehtiyatları dayanıqlıdır, iqtisadiyyatı inkişaf edir".

Komitə sədri hökumətin hesabatından danışdı

“Dövlət başçısı 6 yanvar 2021-ci ildə keçirilmiş “2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə” hökumət qarşısında 2021-ci il üçün əsas hədəfləri müəyyən etmişdi. Hökumətin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın qiymətləndirilməsi üçün bu hədəflərə nail olunma vəziyyəti mühüm rol oynayır”. Bu sözləri hesabatın müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyətinə baxsaq, hesabat ilində uzunluğu 101 km olan Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilib: “Hesabat ilində “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Aeroportu isifadəyəə verilib. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulüb. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-ları, rəqəmsal yarımstansiyalar inşa edilib, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılıb. Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılmasını da qeyd etmək istərdim. Bu sırada beşinci hədəf azad edilmiş torpaqlarda kənd təsərrüfatı inkişaf etdirilməsi, altıncı hədəf sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması, yeddinci hədəf Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınmasıdır. Qeyd etdiyim bu hədəflərə nail olunmaq barədə hesabatda geniş məlumatlar verilib. Qarşıya qoyulmuş bu hədəflərə hökumət tərəfindən nail olunma vəziyyətini yüksək qiymətləndiririk”.

Komitə sədri Baş nazirə müraciət etdi: "Əsas problem işsizlikdir"

Müzakirə zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Baş nazir Əli Əsədova müraciət edib. Deputat seçildiyi Gəncə şəhərinin problemlərinin həlli ilə bağlı işlər görülməsini istəyib: "Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əsas problemi işsizlikdir. Gəncədə xüsusilə qadınların və gənclərin işsizlik probleminin aradan qaldırılmasına ehtiyac var. Bu məsələyə diqqət yetirilməsini təklif edirəm".

Deputat: "Aydındır ki, bunun hamısını yeyə bilmərik"

“İsrafçılıq demək olar ki, bütün sahələrdə var. İsrafçılığın qarşısının alınması üçün hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var. Toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur. Aydındır ki, bunun hamısını yeyə bilmərik. Bu, israfçılıqdır. Digər tərəfdən, deyirlər ki, bunun qalan hissəsini sabah yenidən süfrəyə qoyacağıq. Bu da qida təhlükəsizliyi baxımından uyğun deyil və AQTA-nın işini artırır. Ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk. Hazırda dünyanı ən çox narahat edən problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Ərzaq qıtlığı artıq bir çox ölkədə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram”, - deyə hesabata münasibət bildirən deputat Tahir Rzayev hökumətə səslənib.

"Bu yolla gedib-gəlmək qeyri-mümkündür” - Deputat

Deputat Vahid Əhmədov isə Bakı-Quba yolu ilə bağlı şikayət edib və bildirib ki, yol çox bərbad vəziyyətdədir: "Bu yolla gedib-gəlmək qeyri-mümkündür. Quba, Qusar turizm bölgəsidir, əvvəllər çox insanlar bu yerlərə gedirdilər. Amma yolun bu hala düşməsindən sonra gedənlərin sayı xeyli azalıb. Baş nazirdən xahiş edirəm ki, bu yolun təmirinə vəsait ayrılsın. Çünki mən sual ünvanlayanda aidiyyəti qurumlar deyir ki, alternativ yol çəkiləcək. Amma o yol tezliklə çəkilməyəcək. Ona kimi mövcud yol təmir edilsə, yaxşı olar”.

“Təəssüflər olsun ki, icbari tibbi sığortanın həyata keçirilməsi pandemiya dövrünə təsadüf edib. İcbari tibbi sığortanın həyata keçirilməsi nəticəsində əhali 2500-dən çox xidmət ala bilir”, - deyə çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sözlərinə görə, icbari tibbi sığortanın həyata keçirilməsi ilə Azərbaycanda ailə həkimi institutu formalaşmağa başlayıb: “Bununla bağlı məmnunluq da yaranmağa başlayıb. Bütün bu uğurlara baxmayaraq, icbari tibbi sığorta ilə bağlı bir çox narahatlıq da mövcuddur. Yüksək texnologiyalı əməliyyatların keçirilməsi üçün klinikalarda növbələr var. Hesab edirəm ki, icbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var”.

Bundan əlavə, Komitə sədri Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dinləmələrin keçiriləcəyini deyib. Onun sözlərinə görə, belə bir dinləmələrin bu il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır.

Deputat Vüqar Bayramov Baş nazirə müraciət edərək Füzuli rayonu Böyük Bəhmənli kəndində Şəhidlər Parkının yenidən qurulması ilə bağlı dəstək olmasını xahiş edib. Millət vəkili bildirib ki, Böyük Bəhmənli kəndi Azərbaycanda ən çox şəhidi olan kəndlərimizdəndir və Şəhidlər parkının yenidən qurulmasına ehtiyac var.

Müzakirələrdən sonra hökumətin hesabatı qəbul edilib. 

Müəllif: Anar Bayramoğlu