Azərbaycanla Türkiyə arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş müzakirə olunur

Siyasət

20.07.2020 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Səfirin müşaviri: “Ümid edirik ki, iki ölkə arasında ümumvətəndaş pasportuna ehtiyac olmadan gediş-gəliş təmin olunacaq”

 

İyulun 12-də Tovuz rayonu istiqamətində düşmən təxribatı nəticəsində başlayan və 3 gün davam edən döyüşlər səngisə də, gərginlik davam edir. Baş verənlərin fonunda Türkiyənin Azərbaycana dəstəyi ölkəmizdə böyük rəğbətlə qarşılanıb.

 

Mövzu ətrafında AYNA-nın suallarını Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Hüseyn Altınalan cavablandırıb.

 

- Hüseyn bəy, Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik davam edir. Baş verənlər fonunda Rusiya Ermənistana, Türkiyə isə Azərbaycana davamlı dəstək göstərir. Belə olan halda, regionda əməliyyatların miqyası genişlənə bilərmi?

 

- Hər zaman vurğuladığımız kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz, problemi də problemimizdir. Türkiyə istər müharibə, istərsə də sülh şəraitində bu prinsipə uyğun olaraq hərəkət edəcəyini çox qətiyyətlə nümayiş etdirib. Cənab Prezidentimiz Rəcəb Tayyip Ərdoğan bir daha “Qardaş Azərbaycanı heç vaxt yalnız qoymayacağıq” bəyanatını verdi. Bu, Türkiyənin qətiyyətli olmasının ifadəsidir. Cənab Prezidentimiz də bildirdi və “bütün gücümüzü, imkanlarımızı Azərbaycan üçün səfərbər edərik”. Lakin ümid edirik ki, Ermənistan ağlını başına alaraq hərəkət edər, baş verən gərginlik inkişaf etməz və problem ən qısa zamanda diplomatik yollarla öz həllini tapar.

- Baş verənlərdən sonra Azərbaycanda Türkiyə ilə hərbi əməkdaşlığın, əlaqələrin genişləndirilməsi tələb edilir. Bununla bağlı nə düşünürsüz?

 

- Azərbaycan-Türkiyə münasibətləri hər keçən gün dərinləşməkdə davam edir. Buna missal olaraq, cənab Prezidentimizin Azərbaycana gəlib Bakıda güzəştli ticarət müqaviləsinə imza atması, vizaların müddətinin 90 günə qaldırılmasını göstərə bilərik. Təbii ki, bunun davamı da gələcək. Hətta, ümid edirik ki, iki ölkə arasında ümumvətəndaş (xarici) pasportlarına ehtiyac olmadan, yalnız şəxsiyyət vəsiqələri ilə gediş-gəliş təmin olunsun. Ki, bu istiqamətdə də əməkdaşlıq davam edir. Bununla yanaşı, hərbi əməkdaşlığın genişləndirilməsi də mümkündür.

 

- Türkiyə Ermənistana təzyiq göstərməyə davam edəcəkmi?

 

- Türkiyə nə olursa olsun, Azərbaycanın yanındadır. Xarici İşlər nazirimiz, Prezidentimiz, Müdafiə nazirimiz də nə olursa olsun, Azərbaycanın yanında olmağa davam edəcəklərini bildiriblər. Bu, istər təzyiq, istərsə də diplomatik yolla olsun, fərq etmir.

 

- Türkiyə Müdafiə Nazirliyinin bu istiqamətdə mövqeyi nədir?

 

- Türkiyə Müdafiə Sənayesi naziri İsmail Dəmir də bununla bağlı açıqlama verib. O bildirib ki, “Müdafiə sənayemiz, silah, döyüş sursatı və raketlərimizdən tutmuş elektron müharibə sistemlərimizə qədər bütün təcrübəsi, texnologiyası və imkanları ilə hər zaman Azərbaycanın ixtiyarındadır. Azərbaycan ordusuna yeni sistemlər qazandırmqla bərabər, mövcud sistemlərin modernləşdirilməsi, istismar, təmir və təlim fəaliyyətləri ilə də birlikdə əməkdaşlıq edəcəyik. Çünki biz bir millət, iki dövlətik”. Bu açıqlamalar da Azərbaycana dəstəyimizi, qətiyyətimizi və münasibətlərimizin hansı istiqamətdə olduğunu, inkişaf etdiyini göstərir.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş