“Azərbaycanın ərazi bütövlüyünə təhdidlər artmaqdadır” – <font color=red> Etibar Məmmədov</font>

Siyasət

16.08.2020 - 20:41

AMİP lideri: “Azərbaycan və Türkiyə arasında Hərbi İttifaq Sazişinin imzalanması vacibdir”

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) XI Qurultayı keçirilib. Partiyadan AYNA-ya verilən məlumata görə, videokonfransla keçirilən tədbirdə AMİP lideri Etibar Məmmədov ölkədəki mövcud ictimai-siyasi durum və Partiyanın qarşısında duran vəzifələr, eləcə də sosial-iqtisadi sahədəki problemlər, məmur özbaşınalığı, Dağlıq Qarabağ, Türkiyə - Azərbaycan strateji müttəfiqliyi və bir sıra digər məslələrlə bağlı geniş çıxış edərək partiya rəhbərliyinə və yerli təşkilatlara öz tövsiyyələrini verib.

 

Azərbaycanın ərazi bütövlüyünə olan təhlükələrin və təhdidlərin artmaqda olduğunu söyləyən E.Məmmədov Azərbaycanda cəmiyyətin birləşməsi və dövlətçiliyin qorunması istiqamətində böyük səylərin həyata keçirilməsinin vacib olduğunu, milli ideya ətrafında birləşməyə yönəlik fəaliyyətin həyata keçirilməsinə çox böyük ehtiyac olduğunu bildirib. Bu fəaliyyətdə siyasi qüvvələrin rolunun danılmaz olduğunu qeyd edən E.Məmmədov bu roldan imtinanın Azərbaycanın milli mənafeləri üçün təhlükə yarada biləcəyini vurğulayıb.

 

E.Məmmədov həmçinin cəmiyyətdəki gərginliyin aradan qaldırılması və əməkdaşlıq istiqamətində olan təşəbbüslərin vacib olduğu bildirib. Beynəlxalq aləmdə Azərbaycanın müttəfiqlərinin artması istiqamətində fəaliyyətin vacib olduğunu deyən AMİP lideri bu istiqamətdə partiyanın indiyədək apardığı fəaliyyəti daha da genişləndirməyə ehtiyac olduğunu, partiyanın beynəlxalq əlaqələrindən istifadə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmağ üçün davamlı fəaliyyətin aparılmalı olduğunu vurğulayıb. Partiyanın qarşısında duran ən mühüm vəzifənin Azərbaycanın ərazi bütövlüyünə olan təhdidlərə qarşı mübarizədə iştirak etmək olduğunu deyən E.Məmmədov vətənpərvərlik, millilik və millətçilik istiqamətində fəaliyyətin bir nömrəli vəzifə olduğunu bildirib.

E.Məmmədov Türkiyə-Azərbaycan münasibətlərinə toxunaraq Azərbaycanın ən yaxın müttəfiqinin qardaş Türkiyə Cumhuriyyəti olduğunu və bu müttəfiqliyin daha da genişləndirilməsi üçün Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyə ehtiyac olduğunu vurğulayıb. Hərbi İttifaq Müqaviləsində qarşılıqlı hərbi yardım haqqında müddəanın öz əksini tapmasının vacibliyini qeyd edən partiya lideri bunun təkcə düşmənlərimizə yerini göstərmək üçün deyil, həmçinin Azərbaycan daxilində vətəndaşların dövlətimizə olan inamının artırılmasına köməklik göstərəcəyini bildirib.

 

“Unutmaq olmaz ki, Dağlıq Qarabağ məsələsi ilk növbədə Azərbaycanın və Azərbaycan vətəndaşlarının problemidir və ordumuz da təkbaşına bu işin öhdəsindən gəlmək iqtidarındadır. Hərbi İttifaq Sazişinin imzalanmasının vacibliyi ondan ibarətdir ki, düşmən dövlətin müttəfiqləri Azərbaycana təzyiq göstərəcəyi halda bizim müttəfiqimizin də bu məsələyə müdaxilə edə biləcəyini anlamış olsunlar”, - deyə Məmmədov vurğulayıb.

 

Qurultayın sonunda AMİP-ə sədr seçkisi keçirilib. Sədrliyə tək namizəd olan əvvəkli sədr Arzuxan Əlizadə postunda qalıb.

 

Tədbirdə həmçinin AMİP Mərkəzi Şurasına və Mərkəzi İntizam Komissiyasına da seçkilər keçirilib.

Müəllif: Ayna.az