“Azərbaycan Zəngəzur dəhlizinə görə Ermənistanla müharibə etməyəcək”

Siyasət

16.11.2023 - 13:54

Politoloq: “Belə görünür ki, artıq dəhliz məsələsi Bakı və Ankara üçün sülh gedən yolda mütləq şərt deyil”

İkinci Qarabağ müharibəsindən sonra gündəmə gələn Zəngəzur dəhlizinin reallaşdırılması məsələsində sanki Azərbaycanın mövqeyində dəyişiklik müşahidə olunur. Xatırladaq ki, 2020-ci ilin 10 noyabr Üçtərəfli Birgə Bəyanatında bölgədə nəqliyyat-kommunikasiyaların açılması məsələsində Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz gediş-gəlişin təmini də göstərilib.

Bundan sonra Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin açılması tələbi var idi. Ermənistan isə Zəngəzur dəhlizindən birmənalı şəkildə imtina etdiyini ən yüksək səviyyədə səsləndirib, dəhliz yox, Bəyanatda yol məntiqi ilə əlaqənin təmin olunmasına razılaşdığını bildirib.

Bir müddət öncə Azərbaycan rəsmiləri tərəfindən Naxçıvana gediş-gəlişin İran ərazisindən təmin olunması məsələsinin Tehranla həll edildiyi açıqlamalarından sonra Zəngəzur dəhlizinin Bakı üçün o qədər də prinsipial məsələ olmadığı hiss olunur.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən Zəngəzur dəhlizi ilə bağlı söylədikləri də diqqətdən yayınmadı. Belə ki, Prezident qonağın diqqətinə çatdırıb ki, Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirməyib. İlham Əliyev qeyd edib ki, artıq bu məsələlər keçmişdə qalıb və hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var.

Ekspertlərin qənaətincə, Azərbaycan liderinin bu fikirləri də onu göstərir ki, rəsmi Bakı Zəngəzur dəhlizi mövqeyində müəyyən dəyişiklik edib.

Politoloq Şahin Cəfərli AYNA-nın suallarını cavablandırarkən deyib ki, ölkə başçısının ATƏT rəsmisi ilə görüşündə dedikləri sülhlə bağlı pozitiv perspektiv olduğunu göstərir:

- Prezidentin “bu məsələ keçmişdə qaldı” deməsindən belə anlaşılır ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılmasında əvvəlki qədər israrlı deyil. Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən tamamilə əl çəkib-çəkmədiyi barədə birmənalı fikir söyləmək doğru olmaz. Amma hər halda Azərbaycan bu məsələ üzərində əvvəlki kimi dayanmır. Maraqlı məsələlərdən biri də odur ki, ötən günlərdə Avropa İttifaqı çevrələrindən anonim mənbənin “Reuters”ə açıqlaması vardı, orada deyilir ki, sülh danışıqları prosesi davam edir. Mənbə bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istiqamətində Brüssel işləri davam etdirir və hər iki tərəfdən ümumi müsbət yanaşma var. Yəni görüşdən imtina edilmir. Mənbə onu da bildirir ki, qapalı görüşlərdə Azərbaycan birmənalı şəkildə Ermənistanın ərazi bütövlüyünü tanıyır, qəbul edir, hansısa qəsd düşüncəsi yoxdur və s. Bu, o deməkdir ki, Bakının Zəngəzur dəhlizini zor gücünə reallaşdırmaq niyyəti yoxdur. Ermənistan da dəfələrlə Zəngəzur yolunun dəhliz məntiqi ilə açılmasına hər zaman qarşı olduğunu bəyan edib. Ola bilsin ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişiklik də bu səbəblər sırasındadır.

- Azərbaycan tərəfi qapalı dairələrdə yox, açıq şəkildə də Ermənistanın ərazi bütövlüyünə qəsd niyyətində olmadığını bəyan edib...

- Bəli, Azərbaycan rəsmiləri ötən müddətdə bunu açıq şəkildə bəyan ediblər. Yəni Bakı açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə görə Ermənistanla müharibə edilməyəcək. Azərbaycan tərəfindən o da qeyd edilib ki, artıq biz Naxçıvana nəqliyyat-kommunikasiyanı İran üzərindən həyata keçiririk. Bu baxımdan deyə bilərik ki, Zəngəzur dəhlizi məsələsi sülhə gedən yolda mütləq şərt deyil. Belə görünür ki, bu məsələni rəsmi Bakı sülh masasına şərt kimi qoymur. Bu, əslində sülh sazişinin imzalanmasında əngəllərdən birinin qaldırılması deməkdir.

- Amma Moskvadan verilən bəyanatlardan görünür ki, Zəngəzur dəhlizi Rusiyanın gündəmindən çıxmayıb. Bunun səbəbi nədir?

- Rusiya XİN rəsmisi Mariya Zaxarova ötənlərdə Zəngəzur dəhlizindən danışdı və 2020-ci ilin 10 noyabr Üçtərəfli Birgə Bəyanatını xatırlatdı. Eyni zamanda, kommunikasiyaların açılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin Zəngəzur dəhlizi ilə bağlı ayrıca fərmanına da diqqət çəkdi. Bu fərmanda da göstərilir ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək və Ermənistan ərazisindən keçəcək nəqliyyat-kommunikasiyaya Rusiya FTX-sının Sərhəd Qoşunları nəzarət edəcək. Deməli, Rusiya bu məsələdə israrında davamlıdır. Təbii ki, Rusiya bunu təkbaşına edə bilməz, zorla gerçəkləşdirə bilməz. Əvvəllər ehtimal ondan ibarət idi ki, Rusiya bunu Azərbaycanın əli ilə edə bilər. Amma görünür ki, Azərbaycan bu varianta həvəsli deyil. Yəni Rusiyanın təhriki ilə Azərbaycan Ermənistanla hərbi toqquşmaya getmək niyyətində deyil. Hesab edirəm ki, bu, doğru siyasətdir. Faktiki olaraq, Rusiyanın bu regionda planlarını gerçəkləşdirməsi istiqamətində problem yaranıb. Hazırkı görüntü bundan ibarətdir.

- Zəngəzur dəhlizi ilə bağlı Türkiyənin də mövqeyində dəyişiklik sezilirmi?

- Azərbaycanın Zəngəzur dəhlizi məsələsində israr etməməsi onu deməyə əsas verir ki, Türkiyə tərəfi də dəhliz məsələsində israrçı olmayacaq. Əslində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət əvvəl bu barədə danışmışdı və bildirmişdi ki, belə görünür, Ermənistan dəhliz məsələsinə razı deyil, ona görə də dəhliz İran ərazisindən keçə bilər. Yəni Ankaranın da Zəngəzur dəhlizini həyati marağa çevirmədiyi ortadadır. Hesab edirəm ki, bu faktlar yaxın perspektivdə sülh danışıqlarının uğurla davam etdiriləcəyinə ümid yaradır.  

Müəllif: Anar Bayramoğlu