“Azərbaycan Dəmir Yolları” QSC-də İşçi Qrupun üzvləri ilə görüş keçirilib

Xəbərlər

29.11.2019 - 14:59

Həkimlər Klinikalar SEO Xidməti

Yaxın günlərdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək  

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun inkişafına dair İşçi Qrupun dördüncü iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya, Belarus, İran və Hindistan dəmir yollarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

 

AYNA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, cəmiyyətin sədri bildirib ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında ilk razılaşma aktı 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb. Azərbaycan bu sazişə beş il sonra - 2005-ci ildə qoşulub. Sonrakı illərdə ümumilikdə 13 dövlət bu sazişə imza ataraq, ratifikasiya edib. 

"Şimal-Cənub" nəqliyyat dəhlizinin əsas məqsədi, ilk növbədə, cənubdan - Hindistandan başlayaraq Rusiya, Şimali və Qərbi Avropa, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdır. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran İslam Respublikası-Körfəz ölkələri və s. üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə çatdırılmasıdır. Hazırkı marşrut üzrə (Süveyş kanalı) malların çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə isə bu müddətin 14-20 günə endirilməsi gözlənilir. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixi kökləri və müasir inkişafından danışan Cavid Qurbanov fərqli coğrafi məkanları yaxınlaşdıracaq bu dəhlizin iqtisadi cəhətdən əhəmiyyətindən danışıb.

O, həmçinin bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. 2018-ci ilin martında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda taxıl terminalının təməli qoyulub. Bu il martın 6-da isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar ölkələrimizin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək. 


“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Vyaçeslav Pavlovski dəmir yolunun ekoloji cəhətdən effektivliliyinə diqqət çəkib. Dəmir yolları sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində bundan sonra da işlərin davam etdiriləcəyini bildirib. Görüşdə Belarus Dəmir Yolları sədrinin birinci müavini İqor Şilov, İran Dəmir Yollarının vitse-prezidenti  Morteza Cəfəri, Hindistan Konteyner Korporasiyasının (CONCOR) sədri, idarəedici direktoru Kalyana Rama da iştirak ediblər. 
Səmimi diaoloq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Müəllif: Ayna.az