Şair Rahil Tahirlinin şeirlər kitabı işıq üzü görüb
Şair Rahil Tahirlinin "Aynadakı adam" adlı şeirlər kitabı işıq üzü görüb. AYNA xəbər verir ki, "Mücrü" nəşriyyatında çapdan çıxan kitabda müəllifin müxtəlif vaxtlarda qələmə aldığı şeirlər yer alır.
Kitab "Bir də məndən bax özünə", "Qərib bir adam" və "Gəlib sahilinə çatdığım dəniz" adlı üç sərlövhədə toplanılmış şeirlərdən ibarətdir.
Qeyd etmək lazımdır ki, R.Tahirlinin ədəbi yaradıcılığının mərkəzində insan - insanın duyğu və düşüncələri, kədəri, hüznü, tənhalığı, səssizliyi, ruh aləmi, bir qədər də ümumiləşdirsək "Tanrıdan gizli sözlərim, bir gün şeirə çevrildi" deyən müəllifin özü dayanır.
"İndi hamı çıxıb gedib, Aynadakı adam qalıb" deyən müəllif bütün şeirlərini sanki məhz o aynadakı adama yazıb və ya pıçıltıyla o adama oxuyur. Əlbəttə, müəllif hesab edir ki, hər bir kəsin aynada bir adamı vardır. Və kitabda sanki özü aradan çəkilərək oxucunu öz aynadakı adamı ilə baş-başa qoyur, kitab oxucunun aynası olur. Buna görədir ki, kitabda müəllif haqqında heç bir məlumat yoxdur, heç şəkli də...
R.Tahirli 1984-cü ildə Naxçıvanda doğulub. "Aynadakı adam" müəllifin oxucularla üçüncü görüşüdür. Bundan əvvəl şairin "Sonradan sonra" və "Ayrılaq, sevgi yaşasın" adlı kitabları çap olunub.