Çarlz Mişellə Putin arasında müxalifət liderinin həbsi məsələsi müzakirə olunub
Avropa Şurasının rəhbəri Çarlz Mişellə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Şurası məlumat yayıb.
Qeyd edilib ki, Mişellə Putin Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsi ətrafında müzakirə aparıblar.
“Sədr Çarlz Mişel Aleksey Navalnının tutulması məsələsini qaldırdı. Avropa Şurası rəhbəri Prezident Putinə Avropa Birliyi və üzv dövlətlərin son hadisələrlə əlaqədar ciddi narahatlığı barədə məlumat verdi”, yayılan açıqlamada qeyd edilib.
Kreml Putinlə Avropa Şurası rəhbəri arasında telefon danışığının olduğunu təsdiqləyib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında bildirmişdi ki, Qərb dövlətləri tərəfindən Navalnının həbsi ilə bağlı verilən açıqlamaların məqsədi diqqətləri liberal inkişaf modelində yaranan böhrandan yayındırmaqdır.
Xatırladaq ki, müxalifətçi ötən bazar günü 5 aylıq müalicədən sonra Berlindən Moskvaya qayıdıb. Hava limanında saxlanılan Navalnıya 15 fevrala qədər inzibati həbs cəzası verilib. Məhkəmə Navalnının şərti cəzasının real müddətlə əvəzlənməsi məsələsinə baxacaq.