Apteklərdə COVID-19 testi: biz test etdik, nəticəyə baxın

Cəmiyyət

17.09.2021 - 23:00

Əczaçılar tərifləyir, böyük tələbat var, amma reallıq başqadır

Bəzi insanlar koronavirusa yoluxub-yoluxmadıqlarını daha tez bilmək üçün apteklərdə satılan testlərdən istifadə edirlər. COVID-19 şübhəsi ilə həmin testlərə müraciət edənlərin sözlərinə görə, bu testlərə maraq göstərmələrinin səbəbləri onların qiymətinin xəstəxanlardakı xidmətlərdən ucuz, daha tez və rahat olmasıdır.

Əczaçılar da son vaxtlar bu testlərə marağın artdığını deyirlər. AYNA məsələyə dair kiçik araşdırma aparıb.

Tanınmış apteklər şəbəkəsindən birincə çalışan əczaçı Zülfiyyə Dadaşovanın dediyinə görə, sözügedən testlərin istifadə qaydası da olduqca rahatdır: “COVID-19 testlərinə maraq var. Xəstə sayları artdıqca, gün ərzində testlərə olan tələbat daha da artır. Testlərimiz aptekə gəldiyi gün ərzində satılır. Yenidən sifariş etmək məcburiyyətində qalırıq”.

Söhbət apardığımız başqa bir aptekdən də öyrəndik ki, belə testlərə tələbat çoxdur. Əczaçı bildirir ki, gün ərzində 30-40 ədəd test satılır: “Burundan yaxma götürülür, öz məhlulu ilə qarışdırılır, daha sonra həmin qarışım testin üzərinə damızdırılır. Dərhal cavabı görmək olur. Tez və ucuz başa gəldiyi üçün tələbat da günü-gündən çoxalır”.

Sözügedən testlərin qiymətlərinə gəldikdə, firma və istehsal olunduğu ölkəyə görə 14, 25, 35 və 40 manat təşkil edir.

Bəs, testlərin cavabları nə dərəcədə Söhbətləşdiyimiz əczaçılar deyirlər ki, qanla yoxlanılan testlər birbaşa qandan götürüldüyünə görə, doğru olma payı yüksəkdir.

Özümüz də bu testləri test etmək istədik. Aşağıdakı şəkildə gördüyünüz kimi, testlərin ikisini COVID-19-a yoluxub-yoluxmadığımızı öyrənmək üçün istifadə etdik. Testlərdən biri neqativ, digəri isə heç bir nəticə göstərmədi. Deməli, insanların inanıb, xərc çəkib aldıqları “aptek testi”nin nəticəsi də qeyri-müəyyən ola bilirmiş...

O zaman bu testlərə güvənmək olarmı? Sözügedən testlərin nəticəsi TƏBİB tərəfindən qəbul edilirmi? Bu testlər PCR testini əvəz edə bilərmi?

TƏBİB-ə ünvanladığımız suallara belə cavab aldıq: “Dünyada, eləcə də ölkəmizdə COVID-19 təsdiqedici nəticəsi olaraq yalnız PCR test hesab olunur. PCR testin nümunəsi laboratariya şəraitində emal edilərək hazılanmış nəticəni verir. Ekspress nümunələr laboratoriya şəraitində əldə edilmədiyindən rəsmi olaraq virusun təsdiqedicisi hesab olunmur”.

Müəllif: Ülviyyə Şahin