"İndi hökumət fərdi ruhanilərə hücumdan Kilsənin özünü dəyişdirməyə keçməyə çalışır"
“İyun ayında keçirilən parlament seçkilərində səslərin yarısını belə qazana bilməyən Ermənistanın getdikcə daha da avtoritarlaşan lideri Nikol Paşinyan heç bir hüquqi əsasa malik olmadan, beynəlxalq dini azadlıq standartlarını nəzərə almadan, hökumətinin Ermənistan Apostol Kilsəsinin gələcək rəhbərliyini və istiqamətini müəyyən etməsi qərarına gəlib”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri “Amsterdam & Partners LLP” şirkətinin təsisçisi və idarəedici partnyoru, beynəlxalq hüquqşünas Robert Amsterdam deyib.
"Münaqişə artıq yeni, görünməmiş bir mərhələyə çatıb. Paşinyan hökuməti Ermənistanın sözdə "mənəvi təhlükəsizliyi" və kilsə islahatlarını siyasi gündəliyinə daxil edib. Kilsənin "dərin sistem böhranı" ilə bağlı parlament araşdırması təklif edib ki, bu da qanunvericilik dəyişikliklərinə səbəb ola bilər. Bu, Ermənistan Apostol Kilsəsinə aylarla davam edən təzyiqlər fonunda baş verir. Yüksək vəzifəli ruhanilər həbs edilib və məhkəməyə verilib, Bütün Ermənilərin Katolikosu II Qaregin məhkəməyə verilib və Paşinyan dəfələrlə onun istefasını tələb edib. İndi hökumət fərdi ruhanilərə hücumlardan kilsənin özünü dəyişdirməyə keçməyə çalışır”, - qeyd edib.

Amsterdam iddia edib ki, Erməni Apostol Kilsəsi mövcud olan “ən qədim xristian qurumlarından” biridir: “Əsrlər boyu xarici hakimiyyət, təqiblər və sovet repressiyalarından sağ çıxmış, müstəqil Ermənistan dövlətinin mövcud olmadığı dövrlərdə belə erməni inancını və kimliyini qoruyub saxlamışdır. Onun rəhbərliyi İrəvandakı mövcud hökumətin siyasi üstünlükləri ilə deyil, öz kilsə strukturları və ənənələri ilə müəyyən edilir. Bu həftə Ali Ruhani Şura kabinetin son müdaxiləsini rədd edərək bildirib ki, parlament kilsədaxili məsələlərini müzakirə etmək üçün uyğun bir forum deyil və kilsə islahatları xarici təzyiq, təhdid və ya hər hansı digər özbaşına hərəkətlər altında həyata keçirilə bilməz".
"Nikol Paşinyan özünü elə aparır ki, sanki Ermənistanda onun şəxsi gücündən üstün olan bir dənə də olsun qurum yoxdur. O, indi özünü parlamentdən, kilsədən və görünür, Tanrıdan üstün tutur. Təxminən iki min ildir ki, Erməni Apostol Kilsəsi imperatorlara, diktatorlara, təqiblərə tab gətirib. İndi Baş nazir inanır ki, ona kimin rəhbərlik etməli olduğuna, necə idarə olunmalı olduğuna və ermənilərin öz kilsələrini necə qəbul etməli olduqlarına qərar verə bilər. Bu, islahat deyil. Bu, müstəqil dini strukturun siyasi ələ keçirilməsi cəhdidir", - Amsterdam vurğulayıb
Bildirib ki, beynəlxalq ictimaiyyətin sükutuna artıq haqq qazandırmaq olmaz: “Əgər hər hansı bir hökumət Avropanın istənilən yerində bir dini qurumun rəhbərliyini və daxili idarəçiliyini müəyyən etməyə cəhd etsəydi, bu, haqlı olaraq böyük qəzəbə səbəb olardı. Kilsə Paşinyana məxsus deyil. Onun hökumətinə məxsus deyil. O, dindarlarına məxsusdur və onun müstəqilliyi qorunmalıdır. "Amsterdam & Partners" dünyanın hər yerindəki hökumətləri, dini liderləri, insan haqları təşkilatlarını və diaspordakı erməni icmalarını Erməni Apostol Kilsəsinin işlərinə siyasi müdaxiləyə qarşı açıq şəkildə çıxış etməyə və onun rəhbərliyini və daxili işlərini dövlət məcburiyyəti olmadan müstəqil şəkildə müəyyən etmək hüququnu müdafiə etməyə çağırır".