Almaniyalı nazirdən “Şimal Axını - 2” ilə bağlı çağırış

Dünya

07.02.2021 - 23:18

Altmayer qaz kəmərinin inşası ilə Navalnı ətrafındakı vəziyyəti əlaqələndirməyi düzgün saymır

 

Almaniyanın İqtisadiyyat və Enerji Naziri Peter Altmayer “Şimal Axını - 2” qaz kəmərinin inşası ilə Rusiya müxalifətinin lideri Aleksey Navalnı ətrafındakı vəziyyəti əlaqələndirməməyə çağırış edib. Bu barədə AYNA TASS-a istinadən bildirir.

 

Altmayer bildirib ki, “Şimal Axını – 2” tamamlanmasa, Almaniya iqtisadiyyatı böyük investisiyalarını itirəcək. Nazirin sözlərinə görə, Navalnı ilə bağlı vəziyyət qlobal layihənin həyata keçirilməsinə heç bir şəkildə təsir göstərmir.

 

"Bu, on illərdir şirkətlər tərəfindən həyata keçirilən iqtisadi münasibətlər və iqtisadi layihələrdir. İnsan haqlarının ciddi şəkildə pozulması bu layihə ilə əlaqələndirilməməlidir. “Şimal Axını – 2” tamamlanmasa, Rusiyanın daha az qaz satacağı fikri düzgün deyil”, - nazir qeyd edib.

 

Qeyd edək ki, 21 yanvarda Avropa Parlamenti “Şimal Axını – 2” qaz kəmərinin inşasının dayandırılmasına çağıran qətnamə qəbul edib. Səbəb kimi, Aleksey Navalnının tutulması göstərilib.

Müəllif: Ayna.az