Almaniyada yaşayan soydaşımız: “Azərbaycan çarter reysi üzrə təyyarə göndərmədi”

Dünya

07.05.2020 - 11:26

Rəşad Quliyev: “Azərbaycan pandemiya başlayandan bu vaxta qədər öz vətəndaşlarını Almaniyadan çıxarmaq üçün tədbir görməyib”

 

Almaniyada karantinin müddətinin vaxtı yenə, 4cü dəfə uzadılıb. Bu barədə Almaniya Baş Konsleri Angela Merkel bəyan edib. Onun sözlərinə görə, ölkədə karantin müddəti iyunun 5-dək davam edəcək. Amma sərt məhdudiyyətlər qismən aradan qaldırılıb, başqa sözlə karantin yumşaldılıb. AYNA xəbər verir ki, karantinlə bağlı ətraflı vəziyyəti Almaniyada yaşayan iş adamı Rəşad Quliyev məlumat verib. Belə ki, artıq ölkədə 2 ailə üzvlərinin görüşünə icazə verilir. Yəni, iki cütlük və ya 2 ayrı şəxsin görüşünə izn var. Ara məsafəsi isə minimum 1.5 metr olmalıdır.

 

R.Quliyev deyib ki, hazırda yaşadığı Sachsen-Anhalt vilayəti karantin şərtlərinə çox ciddi və lazımi şəkildə əməl etdiyinə görə, statistik nəticələr orada fərqlidir: “Ona görə də, məhz bu əyalətdə 2 deyil, 5 nəfərin görüşünə və ya bir yerdə toplanmasına icazə verilir. Riskli yaş qrupuna aid olan insanlar istisnadır. Maska tələbi qüvvədədir. Bütün Almaniyada ağız və burun qorunması, maskadan istifadə alış-veriş edərkən və yerli ictimai nəqliyyatda mütləq istifadə edilməlidir. Bu tənzimləmə yaxın günlərdə digər sahələrə də tətbiq edilə bilər”.

 

Təhsil-tədrisə gəldikdə isə soydaşımız qeyd edib ki, bütün şagirdlər yaydan əvvəl ən azı bir dəfə məktəbə getməlidirlər: “Məktəblərin açılma tarixi hər bir vilayətin öz səlahiyyətindədir. Sachsen-Anhalt əyalətində aşağı siniflər xaric artıq bütün məktəblər açılıb. İbtidai siniflərə dərs iyunda başlayacaq. Uşaq bağçaları isə mayın 11-dən etibarən açılacaq. Amma, yalnız ailədə çətinliyi olan və qayğıya ehtiyacı olan uşaqlar uşaq bağçasından istifadə edə biləcəklər”.

 

“Bütün ticarət obyektləri gigiyenik qaydalara ciddi şəkildə əməl etməklə tam fəaliyyətə başlaya bilərlər. Otel və restoranlara gəldikdə isə əyalətlərdən asılı olaraq, 9-22may tarixində tədricən növbəli şəkildə və gigiyenik qaydalara ciddi şəkildə əmək etməklə tam fəaliyyətə başlaya bilərlər. Gözəllik salonları mayın 4-dən artıq işini davam etdirir” – deyə, R.Quliyev söyləyib.

 

R.Quliyev vurğulayıb ki, Almaniyada muzeylər, tarixi yerlər, zooparklar və başqa mədəni–turistik məkanlar fəaliyyətə başlaya bilərlər: “Konsert kimi kütləvi tədbirlər isə hələlik qadağandır. Bundesliga isə mayın 7-dən etibarən oyunlara başlayacaq”.

 

Sərhədlərin açılmasına gəlincə, R.Quliyev qeyd edib ki, xarici səfərlər iyunun 14-nə qədər qadağandır: “Ölkədaxili səfərlər isə əyalətlərə görə dəyişir. Bu sahədə tədricən icazələr bərpa olub”.

 

Soydaşımız onu da diqqətə çatdırıb ki, Almaniya Azərbaycanda olan vətəndaşlarını mayın 11-dən xüsusi reyslə Bakıdan gətirəcək. “Almaniyada yaşamaq icazəsi olan, amma sərhədlər bağlandığından Azərbaycanda qalan həmvətənlərimiz  də, həmin təyyarəyə bilet alaraq qayıda bilərlər. Təəssüf ki, Azərbaycan pandemiya başlayandan bu vaxta qədər öz vətəndaşlarını Almaniyadan çıxarmaq üçün tədbir görməyib və çarter reysi üzrə təyyarə göndərməyib” - deyə Quliyev sonda qeyd edib. 

Müəllif: Raminə Eyvazqızı