Almaniya və Fransa FCAS döyüş təyyarələrinin istehsalını dayandıracaq

Dünya

09.06.2026 - 09:09

Səbəb “Dassault” və “Airbus” şirkətləri arasında uzun müddətdir davam edən fikir ayrılıqlarıdır

Almaniya kansleri Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makron “Dassault” və “Airbus” şirkətləri arasında uzun müddətdir davam edən fikir ayrılıqları səbəbindən Gələcək Döyüş Hava Sisteminin (FCAS) birgə hazırlanmasından imtina etmək qərarına gəliblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters”, AFP və DPA Berlindəki mənbələrə istinadən məlumat yayıblar.

Almaniya hökumətinin sözçüsü AFP-yə bildirib ki, siyasətçilər "şirkətlərin birgə döyüş təyyarəsinin yaradılması barədə razılığa gələ bilməyəcəkləri qənaətinə gəliblər". “Reuters” xəbər verir ki, Almaniya kabinetindəki mənbələr Merz və Makronun 5 iyunda Monteneqroda keçirilən sammit çərçivəsində qərarı müzakirə etdiklərini bildiriblər.

Məlumata görə, siyasətçilər əvvəllər Avropa aerokosmik qrupu “Airbus” və Fransanın “Dassault Aviation” şirkətlərini fikir ayrılıqlarını aradan qaldırmağa inandırmağa çalışıblar.

Avropalı mənbə FCAS ticarət nişanının qırıcı təyyarə ilə birbaşa əlaqəsi olmayan sistemlər üçün saxlanıla biləcəyini qeyd ediblər. Mənbə bildirib ki, 2027-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərini nəzərə alsaq, Makron 2017-ci ildə keçmiş Almaniya kansleri Angela Merkel ilə birlikdə başlatdığı əlamətdar FCAS layihəsini tamamilə qurban vermək istəmir.

FCAS layihəsi “Eurofighter”i əvəz edəcək qırıcı təyyarənin, onu izləmək üçün PUA-ların və bütün sistemləri vahid şəbəkəyə birləşdirmək üçün hazırlanmış "Combat Cloud" adlanan cihazın hazırlanmasını əhatə edir. FCAS sisteminin əvvəlcə 2040-cı ilə qədər tamamlanması gözlənilirdi.

Lakin “Dassault Aviation” şirkətinin rəhbəri Erik Trappyer layihənin qırıcı təyyarələrin hazırlanması hissəsinə nəzarət etməsini tələb etdiyi üçün proses dayandırıldı. Almaniya və İspaniya isə razılaşmadılar.

Fridrix Merz 18 fevralda açıq şəkildə bildirib ki, FCAS layihəsi çərçivəsində Avropa üçün altıncı nəsil qırıcı təyyarənin inşası planları tərsinə çevrilə bilər, çünki hazırlanan təyyarə Bundesverdən daha çox Fransa Hərbi Hava Qüvvələrinin ehtiyaclarına uyğundur.

"Fransızların növbəti nəsil döyüş təyyarələrində nüvə silahı daşıya bilən sertifikatlı qırıcıya ehtiyacı var; hazırda Almaniya silahlı qüvvələrində buna ehtiyacımız yoxdur", - deyə o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş