Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatır

Xəbərlər

09.06.2021 - 10:56

85 mindən çox abituriyent qeydiyyatdan keçib

 

2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin mayın 26-dan başlanan ərizə qəbulu bu gün başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən (DIM) AYNA-ya bildirilib ki, iyunun 9-u saat 13:00-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər. Bu günə olan məlumata görə, 85 min 163 abituriyent qeydiyyatdan keçib.

 

Xatırladaq ki, müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

Müəllif: Ayna.az