ABŞ Prezidenti Co Bayden bu barədə müvafiq fərman imzalayıb
ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq edib. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ Prezidenti Co Bayden bu barədə müvafiq fərman imzalayıb.
Sanksiyaya əsasən, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılır. Bununla yanaşı, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızları birbaşa almağı qadağan edir.
Sənəddə Rusiya Xarici Kəşfiyyat Xidmətinin “Solar Winds”ə kiberhücuma görə məsuliyyət daşıdığı bildirilir. ABŞ Maliyyə Nazirliyi isə Rusiyanın ABŞ-da seçkilərdə müdaxilədə şübhəli bilinən 16 təşkilatına və 16 fiziki şəxsinə sanksiya tətbiq edib.
Qeyd edək ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın maraqlarının ən yaxşı şəkildə təmin edilməsi üçün ABŞ-ın mümkün yeni sanksiyalarına qarşılıqlı şəkildə cavab veriləcəyini açıqlamışdı.