Sazişinin təsdiqlənməsi haqqında 0340 nömrəli qanun layihəsi rəsmi olaraq qanuna çevrilib
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və Türkiyə arasında Azad Ticarət Sazişini təsdiqləyən qanunu imzalayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, Ali Radanın veb saytında qanun layihəsinin təsvirində qeyd edilib.
Beləliklə, Ukrayna hökuməti ilə Türkiyə hökuməti arasında Azad Ticarət Sazişinin təsdiqlənməsi haqqında 0340 nömrəli qanun layihəsi rəsmi olaraq qanuna çevrilib.
Ölkələr arasında müqavilə ikitərəfli əməkdaşlığı təşviq edəcək və Ukrayna və Türkiyə istehsalçıları üçün bazarları genişləndirəcək. Digər məsələlərlə yanaşı, sənəd bir sıra mallara qarşı rüsumların qarşılıqlı şəkildə ləğvini nəzərdə tutur.
Ali Rada müqaviləni 14 iyulda təsdiqləyib.
Türkiyə isə Ukrayna ilə Azad Ticarət Sazişini 2 avqust 2024-cü ildə təsdiqləyib.
Ukrayna və Türkiyə 15 illik hazırlıqdan sonra 3 fevral 2022-ci ildə Azad Ticarət Sazişini imzalamışdılar.