“YAŞAT” Fonduna 62 milyon manata yaxın vəsait toplanıb

Cəmiyyət

25.08.2021 - 13:56

Xərclənən vəsait 34 milyon 261 min 994 manat 2 qəpikdir

 

İndiyədək Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 61 milyon 850 min 393 manat 96 qəpik vəsait toplanıb. Bu barədə AYNA-ya Fonddan bildirilib.

 

Qeyd edilib ki, həmin vəsaitin 17 milyon 180 min 704 manat 46 qəpiyi fiziki şəxslər, 44 milyon 669 min 689 manat 5 qəpiyi isə hüquqi şəxslər tərəfindən ödənilib. Xərclənən vəsait 34 milyon 261 min 994 manat 2 qəpik, qalıq məbləğ isə 27 milyon 588 min 399 manat 94 qəpikdir.

 

Fond tərəfindən indiyədək 2 908 şəhidin ailəsi ziyarət olunub. Həmçinin fonda Vətən müharibəsində ağır yaralanan 3809 nəfərin müraciəti qeydə alınıb. Bu günədək 8479 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 15 min 268-dir.

 

Bugünədək şəhid ailələrinin və yaralıların problemlərinin həlli üçün 10 min 149 ödəniş həyata keçirilib. Ehtiyacların təmin olunması üçün Fond tərəfindən qarşılanan məbləğ 34 milyon 261 min 994 manat 2 qəpik olub.

 

Qeyd edək ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb.

Müəllif: Ayna.az