Yalançının tamahkarı aldatmaq cəhdi və ya şirkətlərimizin “Qara cümə”si

Cəmiyyət

28.11.2021 - 22:00

Kampaniyalara inamsızlıq: Qiyməti şişirdirlər, sonra öz qiymətinə endirib adını qoyurlar  “Black Friday”

Dünyanın bir çox ölkələrində il boyu gözlənilən “Black Friday” kampaniyası hər il noyabr ayının sonları keçirilir. Bu kampaniya çərçivəsində müştərilər 50, 70 hətta 80 faizə kimi endirimlərdən yararlanırlar. Bir neçə ildir Azərbaycanda da şirkətlər bu trendə qoşularaq “Qara cümə” kampaniyaları keçirirlər.

AYNA sosial şəbəkələrdə “Qara cümə” ilə bağlı insanların fikrini öyrənib.

“Hal-hazırda bir çox ölkələrdə “Qara cümə” (“Black Friday”) endirimləri keçirilir. “Qara cümə” endirimlərindən faydalanırsınız? Ümumiyyətlə yerli şirkətlər bu endirim kampaniyasında necə xidmət göstərir?”, - suallarımıza sosial şəbəkə istifadəçilərinin cavabları müxtəlif olub:

Azər Kərim: “İki gün öncə “Trendyol”da 50 Türkiyə lirəsinə gördüyüm məhsul dünən endirimlə 85 lirə oldu. Təbii ki, belə endirimlərdən yararlanmıram”.

Ramal Əsgərov: “Ən gözəl endirimlər bizdədir. 75% endirimdən sonra adi şalvarı 40 manata təklif edirlər. Hansı ki, “Sədərək” Ticarət Mərkəzində həmin şalvar 25 manatdır. Belə endirimlərə inanmıram”.

Elyar Həsənov: “Qiymətlər və endirim kampaniyaları ilə bağlı ölkədəki şirkətlərə qətiyyən inanmıram”.

Bəkir Osmanlı: “Keçən il “Qara cümə” endirimlərində “Next”dən uşaq üçün paltar almaq istədik. Adi vaxt 60 manata olan 2 yaş üçün geyim dəstini endirimlə 90 manata satışa qoymuşdular. Təbii ki, almadıq. Baha qoyub, sonra öz qiymətinə satırlar. Ad da olur endirim”.

Kəmalə İsmayılova: “Telefona mesajlar gəlir ki, “Black Friday” kampaniyasıdan yararlan. Elanı açırsan “Birkart”la 18-24 ay faizsiz, ilkin ödənişsiz kredit. “Trendyol”dan yararlanmağa çalışırsan, onda da “Starex” çökür, sifariş təsdiqlənənə kimi seçdiyim məhsullar bitir”.

Kazım Nəvai: “Təsəvvür edin, İsveçdə şirkətlər məhsullara 80% qədər endirimlər təklif edirlər. Azərbaycanda isə gündəlik edilən “endirim” kampaniyalarına da “Black Friday” adı qoyurlar. Məsələn, mən 3000 avroluq alış- verişə 350 avro ödəniş eləmişəm”.

Fikrət Mahmud: “Yalan üzərində qurulub. İnanmıram”.

Bəxtiyar Hacıyev: “Maaşa baxan adamın ayın axırı dükanlarda nə işi var? Yararlammırıq”.

Ülviyyə Şahin: “Yararlanmaq üçün səbəti doldurdum. Bir də baxdım ki, kartda pul qalmayıb. O an çox pis hisslər yaşadım. Pulum olmadığı üçün yararlana bilmədim”.

Orxan Kərimov: “Azərbaycanda "Black Friday"nin adı var özü yoxdur. Bizim mağazaların tətbiq etdiyi "Black Friday" endirimlərindən heç vaxt yararlanmamışam. Ancaq xaricdən olan kampaniyadan istifadə edirəm”.

Elmir Muradov: “Faydalanmamışam, bu da inamsızlıqla əlaqədardır. Çünki dünyada nə trend olursa, o, Azərbaycanda tərs-mayallaq həyata keçirilir. Kampaniya keçirməzdən öncə şirkətlər Azərbaycan istehlakçılarının inamını qazanmalıdır, düzgün işləməlidirlər. İnam qazanılmayana qədər lap 5 barmaqlarının 5-ni də bal edib, insanlara yedirsələr, yenə də elədikləri kampaniyalar tutmayacaq”.

Sultan Məmmədov: “Rusiyada ən çox endirimlər 50 % və yaxud da 2 al, 1 ödədir. Özüm ticarətin içində olduğumdan qiymətlərin endirimli olduğunu görürəm. Daha Azərbaycanda 50% endirim adı ilə qiymətləri qaldırıb “endirim” etmirlər”.

Sevinc Qarakişiyeva: “Qeyri-adi endirimləri görmürəm. Qiymətləri 50 və ya 70 % şişirdib sonra üzərinə guya bu qədər endirim edilmiş kimi yeni qiymət etiketi yapışdırırlar. Ona görə də mənim üçün adi günlərdən biridir, əksinə, pandemiya ilə bağlı mağazalara getməməyə çalışacağam”.

Müəllif: Təranə Xudabaxşiyeva