“Ya sponsorun olmalıdır, ya da atanın pulu, əks halda…” - FOTOLAR

Mədəniyyət

10.04.2022 - 22:25

Tanınmış aparıcı: “Çalışıram ki, illərlə işlətdiyimiz rus sözləri dilimizdən ayrılsın”

Texnologiyanın günü-gündən inkişaf etməsi radionun fəaliyyətinə necə təsir edir? Bu gün ölkəmizdə yerli radio kanallarının durumu hansı səviyyədədir? AYNA-nın bu istiqamətdə suallarını uzun illərin radio aparıcısı Elgün Hüseynov cavablandırıb.

- Elgün bəy, bu gün tənqid olunan peşə sahiblərindən biri də radio aparıcılardır. Bir çox dilçilər, mütəxəssislər irad bildirirlər ki, radioaparıcılar dilimizdə düzgün danışmır, sözləri düzgün ifadə etmirlər. Onları haqlı sayırsınız?

- Bəzi hallarda dilçilərə haqq qazandırıram, bəzi hallarda isə yox. Bəzi şəxslər yuxudan oyanıb qərara alırlar ki, mən radio aparıcısı olmaq istəyirəm. Əgər sponsor dostlarım varsa, deməli, veriliş açıb aparıcı ola bilərəm. Mən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Aktyorluq fakültəsində təhsil almışam. Efirdə, səhnədə hansı formada danışmaq olar - onun dərsini keçmişəm. Düzdür, mən demək olar, həmişə şou xarakterli verilişlərdə aparıcı olmuşam. Şivə və ləhcələrlə də verilişdə danışıram. Bilmirəm, bunu istedad və ya nöqsan kimi qəbul edirlər. Əsas odur, dinləyici bunu sevir və istəyir. Amma şivəsiz danışan zaman çalışıram ki, qüsursuz danışım.

Tənqid olunan məqamlardan biri  rus sözlərindən istifadə etməyimdir. Bunu anlayışla qarşılayıram. Çalışıram, illərlə işlətdiyimiz rus sözləri dilimizdən ayrılsın. Biz aparıcıların üzərinə düşən vəzifə odur ki, Azərbaycan dilində səlis danışıb, dinləyicilərə də həmin rus dilində işlətdiyimiz sözün Azərbaycan dilindəki qarşılığını öyrədək.

- Azərbaycanda radio dalğaları get-gedə çoxalır. Bu da rəqabətin güclənməsi deməkdir. Dinləyici itirməkdən qorxmursunuz?

- Radio dalğalarının çoxalması sevindirici haldır. Amma dinləyicilərin azalması riski təbii ki, var. Amma bir məsələ var ki, dinləyici məni illərlə sevərək dinləyirsə, o, məni başqa dalğada veriliş aparacaq radio aparıcıya dəyişməz. Ona görə qorxum yoxdur. Mənim üçün yeni dalğaların açılması sevindirici haldır ki, işsiz olan, radioya marağı olan şəxslərin işləməsi üçün iş imkanları yaranır. Bundan gözəl nə ola bilər?! Ona görə də bu, məni narahat etmir.

- Bu günə kimi ən sadiq dinləyiciniz kimdir, tanıyırsınız?

- Sadiq dinləyicimiz yox, dinləyicilərimiz deyərdim. Həmin dinləyicilərimizin bəziləri radio qarşısına gəlib şəkil çəkdiriblər, evlərinə qonaq dəvət ediblər. Doğmalaşmışıq. Bu gün də ünsiyyətimiz var. Hətta dövlət qulluğunda çalışan bəzi dostlarım var ki, onlar öncə məni dinləyib, mənə qarşı simpatiyaları yaranıb və daha sonra mənimlə dostluğa başlayıblar. Bu günə kimi də dostluğumuz davam edir. Bütün izləyicilərimiz bizim üçün doğmadır. Sosial şəbəkələrdə post yazaraq haqqımızda gözəl sözləri demələri bizə stimul verir.

- Verilişdə hər zaman dinləyicilər ilə zarafatlar edirsiniz. Heç olub ki, çıxılmaz vəziyyətə düşəsiniz, dinləyici sizi "nokaut" edə?

- Bəli, dinləyicilər ilə zarafat edirəm. Onu deyim ki, bizi dinləyənlərin zarafatı başa düşən şəxslər olması sevindiricidir. Amma bəzən olur ki, bəzi insanlar zarafatı başa düşmürlər və ya yuxulu vaxtlarına düşür. Onların da məni “nokaut” edən vaxtları olur. Bizi dinləyənləri sevindirirəmsə, bu, mənim üçün önəmlidir. Bütün bunlar kimisə təhqir etmək, aşağılamaq üçün deyil. Həm zarafat etdiyim həmin şəxsdə, həm bizi dinləyən digər dinləyicilərin üzündə təbəssüm yarada biliriksə, nə xoş bizə!

- Radio aparıcılığı ilə yanaşı sizin həm də gözəl səsiniz var. Müğənni kimi fəaliyyətiniz nə yerdədir?

- Mən həm də müğənniyəm. Amma son zamanlar ürəyimcə mahnı tapa bilmirəm. Bəyəndiyim mahnılar üçün isə böyük məbləğdə maddi vəsait tələb olunur. Mahnı böyük kütlənin eşitməsi üçün radiolarda səslənməlidir, klipi çəkilməlidir və s. Ona da imkan yoxdur. Onu da bildirim ki, mənə bəstəkarlar tez-tez mahnılar göndərirlər ki, oxuyum. İndi mahnı seçmək çox çətindir. İnsanların zövqünü tutmaq mümkün deyil. Bilmirsən ki, oxuyacağın mahnı kütlə tərəfindən seviləcək, ya yox. Mahnıya reaksiya gəlməyəndə müğənnidə ruh düşkünlüyü olur. Hazırda əlimdə 2 mahnı var. İsti havalarda mahnıları dinləyicilərə təqdim edəcəm. Ritmik mahnılar olduğundan yay aylarına uyğun mahnıdır.

- Daha çox aparıcı, yoxsa müğənni kimi tədbirlərə dəvət  alırsınız?

- Daha çox müğənni kimi dəvət alıram. Aparıcı kimi də dəvət edənlər olur. Aparıcı kimi dəvət alanda mahnılarımdan da oxuyuram. Müğənni kimi dəvət olanda da çalışıram ki, aparıcılıq tərəfimi göstərim.

- Bu gün səhnədə olmaq üçün mütləq sponsor olmalıdır?

- Ya sponsor olmalıdır, ya da atan pullu olmalıdır. Bir sözlə, dayday olmalıdır ki, maddi yardım etsin sənə və yaxşı mahnı alıb səhnəyə çıxasan, özünü tanıdasan. Tək müğənnilikdə yox, hər sahədə ilkin addımlar atmaq üçün pul lazımdır.

- Ya da çıxıb kiməsə şər atıb, dava etməlisən?

- Bu metod da var. Təəssüf ki, mənim xarakterimə yad hərəkətdir. Bizim müğənnilər əksərən kiminsə bostanına daş atmaqla popularlaşırlar. Baxırsan ki, repertuarında normal mahnı yoxdur, amma hər davada öndədir. Mənim də xarakterimdə o yoxdur ki, gedim kiməsə şər atım, dava edim. Rusların bir məsəli var: “Heç vaxt “heç vaxt” demə”. Heç nədən sığortalanmamışıq. Sabah bir müğənni çıxıb efirdən mənə söz atar və bildirər ki, mən səninlə nə görüşürəm, nə də zənglərinə cavab verəcəm. Sözünü efirdən de. Hə, onda ciddi bir məsələ olar və məcbur efirdən cavab verməli olaram. Hər şey ola bilər. Amma deyim ki, mən şəxsi münasibətləri kamera qarşısında həll etməyi sevən biri deyiləm.

Müəllif: Təranə Xudabaxşiyeva