Xankəndisiz 28 il...

Maraqlı

28.12.2019 - 00:38

Sonuncu azərbaycanlı ailələrin qovulması ilə işğal başa çatdı
 

Bu gün Azərbaycanın respublika tabeli şəhəri – Yuxarı Qarabağın mərkəzi olan Xankəndinin işğal günüdür. AYNA xəbər verir ki, ermənilərin Xankəndi şəhərini və mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsini işğal etməsindən 26 il ötür.

 

1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb. Orada separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə yekunlaşıb.

 

İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

 

Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olub. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.

 

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

 

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.

 

Xankəndinin işğalı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi etnik təmizlənməyə məruz qalıb. Sonuncu yaşayış məntəqəsinin — Kərkicahanın işğalından sonra Xankəndindən 10 mindən azərbaycanlı çıxarılıb, 100-ə yaxın Xankəndi sakini qətlə yetirilib.

 

Xankəndi itirilərkən xalqımız hələ bilmirdi ki, qarşıda onu Xocalı soyqırımı, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın işğalı gözləyir.

 

Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşən Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzidir. Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri var. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları belə müəssisələrdəndir.

 

Tarixi sənədlərə görə, Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb. Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xankəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib.

 

SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Beləliklə də Xankəndi erməni işğalı altına düşüb.

 

Keçmiş SSRİ dövründə Xankəndində yaşayan azərbaycanlılar tədricən buradan didərgin salınıblar. 1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdilər. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdılar.

 

1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Moskvanın himayəsilə güclənən erməni separatizm sonuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə Xankəndindən qovmağa nail oldular. Və şəhərin işğalı tam başa çatdırıldı.

Müəllif: Ayna.az