Vəfadan vəfa dərsi...

Cəmiyyət

04.08.2020 - 21:00

Ya da böyüklük yaşla deyil, ağılla və mənəviyyatladır

 

Bir qadın düşünün: xaricdə təhsil alır, daha sonra gözdən uzaq kəndlərin birinə qayıdır və tikiş sexi açaraq həmin kənddəki qadınları işlə təmin edir, çevrəsini və sadə kənd camaatını mümkün qədər maarifləndirir, bələdiyyə seçkilərində namizədliyini irəli sürür, yerli hegemonların bütün təhdid və təzyiqlərinə rəğmən, uzunmüddətli və məşəqqətli mübarizəsi sayəsində sadə insanlarda seçkiyə inam yaradır, onları seçkiyə sövq edir və bütün növ saxtakarlıqlara sinə gərərək seçkidə səs toplayır. Həmin qadın 61 saylı Neftçala dairəsinin Xol Qaraqaşlı bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağıdır.

 

Uzun müddətdir ki, Xol Qaraqaşlı kəndinin bələdiyyə sədri olan Əlibala Səlimov hələ seçkidən öncə Vəfanın öz namizədliyini geri götürməsi üçün müxtəlif təzyiqlər göstərir. Vəfanın sadə kəndliləri seçkiyə təşviq etmək üçün apardığı kampaniyalar zamanı onun ictimai fəal kimi müxtəlif etiraz aksiyalarında qaldırdığı plakatları, şəxsi sosial şəbəkə hesabında yazdığı fikirləri ona qarşı istifadə etməyə çalışan Əlibala Səlimov məqsədinə nail ola bilmir və kənd camaatının etibarını insani keyfiyyətləri, cəsarəti, ləyaqəti, səxavəti, zəhməti ilə çoxdan qazanan Vəfa Nağı elə seçkini də qazana bilir. Əlibala Səlimov (biz ona Əli bala deyə müraciət edəcəyik) elə həmin gündən başa düşür ki, daha heç bir şey əvvəlki kimi olmayacaq.

Vaxt-vədə yetişir və Vəfa Nağı bələdiyyədən büdcə hesabatını tələb edir. Bizim Əli bala isə hesabat verə bilmir. Vəfanı susdurmaq üçün elə öz prinsiplərinə uyğun bir üsul tapır. Əli bala Vəfa Nağının sosial şəbəkə hesabındakı şəxsi fotoşəkillərini çap etdirir və həmin şəkilləri kəndin hər yerinə yapışdırır. Hərçənd, burada pis bir hadisə yoxdur. Vəfanın gözəl görüntüsü ilə küçələrə bəzək vurmaqda pis nəsə ola bilməz. Məsələn, Əli balanın qalın bığlarını, yoğun gövdəsini görməkdənsə, Vəfanın küçələrdə bərq vuran möhtəşəm görüntüsünə tamaşa etmək kimə xoş olmaz ki? Amma bu hadisədəki problem Əli balanın niyyətində, məqsədindədir.

 

Köhnə pambıqçı olan Əli bala indi də “pambıqla baş kəsmək” istəyir. Lakin yarım əsrdən çox olan həyatı boyunca Əli balaya heç kəs öyrətməyib ki, ay Əli bala, sənin nə qədər plan-proqramın olsa da, pambığının gücü polad əzmi kəsməyə, möhkəm ləyaqəti, uca vicdanı yıxmağa çatmaz axı. Buna heç sənin boyun da çatmaz. Elə sənin o pambıq tarlalarına böyük şeirlər yazan mərhum Xalq şairi Səməd Vurğun da deyib ki, “Günəşi örtsə də qara buludlar, yenə Günəş adlı bir qüdrəti var!”

 

Büdcə hesabatını ala bilməyən Vəfa Nağı da bizim Əli balaya bir həyat dərsi keçməyə qərar verir. Bu məqamda Vəfa başqa nə edə bilər ki? O da görür ki, yaşı yarım əsri ötmüş Əli balaya indiyə qədər bəzi məsələləri öyrədən olmayıb, qollarını çırmalayaraq bir tifili həyata qaytarmaq üçün zəhmət çəkir. Vəfa Əli balaya başa salmaq istəyir ki, ay Əli bala, sən camaatın haqqını mənimsəmə, dövlətin malını yemə, öz çevrənin, öz mühitinin rifahı naminə çalış, əlində olanı, lap cibində olanı da hər kəsin rahatlığı üçün xərclə, tik ki, izin qalsın, özün onsuz da qalmayacaqsan. Bir sözlə, Vəfa deyir ki, sən işlədiyin işə qarşı da, xidmət etdiyin topluma qarşı da vəfalı ol.

 

Əli bala isə bütün bunları anlamır. Eybi yox. Deyək ki, Əli balanın bəzi məsələlər üçün yaşı keçib. Gördüyünü görüb, götürdüyünü götürüb. Bəs Neftçalanın yeni təyin olunan icra başçısı Mirhəsən Seyidova nə olub? Ay Mirhəsən müəllim, sənin axı, hələ cəmi-cümlətanı 30 yaşın var. Ölkə başçısı sənə böyük-kiçik yerini göstərəndə demədi ki, böyüklər dövlətin və xalqın haqqını mənimsəsə də, sən səsini çıxarma! Sadəcə ədəb-ərkanlı olmaq üçün bir tövsiyə verdi. Sən görürsən ki, bir şəxs öz vəzifə borcunu yerinə yetirməkdən boyun qaçırır, hesabat verməkdən yayınır, deməli, o, hər hansı çirkaba bulaşıb ki, əməlini ört-basdır etmək istəyir. İndi Vəfa Nağı Əli balanı öyrətməyi bir kənara qoyub səni də öyrətsin ki, böyüklük yaşla deyil, ağılla və mənəviyyatladır, əgər bir şəxs öz işini görə bilmirsə, əksinə, gördüyü işlə topluma zərər verirsə, o, böyük yox, kiçiklərdən də kiçikdir? Bu sadə həqiqəti də sənə Vəfa öyrətməlidir?

 

Vəfa Nağının da işi çox çətindir. Qarşıda görülməsi lazım olan bu qədər iş varkən, bir də öyrədilməsi lazım olan xeyli nəfər var. Amma bu işdə bir hikmət olmalıdır. Görünür, bir-birimizə olan vəfamız elə Vəfadan başlayır...

 

Bu məşəqqətli yolda sənə uğurlar, Vəfa!

Müəllif: Orxan Bahadırsoy