Mütəxəssislər elektrik sistemində qısaqapanma ehtimalını istisna etmirlər
Varşava yaxınlığında Ukrayna da daxil olmaqla, Mərkəzi və Şərqi Avropada peyk rabitəsi təmin edən “Starlink” yerüstü stansiyasında yanğın baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.
Hadisə sentyabrın 23-ü axşam saatlarında Vola Krobovska kəndində baş verib. Mülk sahibi antenaların yandığını görüb və təcili yardım xidmətlərinə zəng edib. Yanğın nəticəsində elektrik generatoruna da ziyan dəyib, lakin yanğınsöndürənlər onu söndürə biliblər.
İlkin məlumatlara görə, yanğına kommutatora qəsdən edilən yanğın hücumu səbəb ola bilər. Mütəxəssislər elektrik sistemində qısaqapanma ehtimalını istisna etmirlər. Polis hadisə yerinə gəlib.
Polşa Daxili Təhlükəsizlik Agentliyi və Mərkəzi Polis İstintaq Bürosuna da peyk rabitəsinin yerüstü keçidinə edilən yanğın hücumu barədə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırırlar.
“Life.ru” əvvəllər Polşanın xarici işlər naziri Radoslav Sikorskinin “Starlink”i Ukrayna Silahlı Qüvvələrinə ödəməyi dayandırmaqla hədələdiyini bildirmişdi. Buna səbəb İlon Maskın şirkətinin Polşanı Avropa peyk rabitə xidməti bölgəsindən çıxarmaq qərarı olub. Bunun əvəzinə, Varşava öz ekvivalentini yaratmağa hazırdır.