Ukrayna məhkəməsi hökm verdi: rusiyalı hərbçiyə ömürlük həbs - FOTOLAR

Dünya

23.05.2022 - 17:41

Rusiyalı müqaviləli əsgər Sumı vilayətində mülki vətəndaşları qətlə yetirməkdə ittiham olunur

Ukraynada məhkəmə prosesində Rusiya ordusunda müqavilə əsasında xidmət keçən hərbçi Vadim Şişimarini müharibə qanunlarını pozmaq ittihamı ilə ömürlük həbs cəzası verilib. Rusiya mediası bildirir ki, artıq hərbçinin vəkilləri Kiyevin Solomenski Məhkəməsinin qərarından apellyasiya şikayəti vermək niyyətində olduqlarını bəyan ediblər. 

Vəkillər həmçinin beynəlxalq instansiyalara müraciət edəcəklər. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün ilk növbədə yerli məhkəmələrin hamısından keçmək lazımdır.

Qeyd edək ki, Şişimarin Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan sonra Ukrayna məhkəməsi qarşısına çıxarılan ilk rus hərbçidir.

Şişimarin niyə mühakimə olundu?

“İnterfaks”ın məlumatına görə, 21 yaşlı rusiyalı müqaviləli əsgər Sumı vilayətində mülki vətəndaşları qətlə yetirməkdə ittiham olunur. Məhkəmə hərbçinin cinayəti qəsdən törətməsi, “mülki şəxsə atəş açmaq əmrinin qanunsuz olduğunu və təqsirləndirilən şəxs bunu anlayaraq onu yerinə yetirməkdən imtina edə və ya zərərçəkmişi nişan almaya bilər” qənaətinə gəlib.

Məhkəmə iclasında Şişimarin günahını etiraf edib və peşman olduğunu bildirib. Hökm qanuni qüvvəyə minənədək rusiyalı hərbçi istintaq təcridxanasında olacaq.

Moskvanın reaksiyası

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Rusiya hərbçisi ilə bağlı vəziyyətdən narahatdır. Onun sözlərinə görə, Moskva Şişimarini qorumaq üçün variantlar axtaracaq. Eyni zamanda, o vurğulayıb ki, Rusiya hazırda Kiyevdə məhkəmədə əsgərin maraqlarını müdafiə etmək imkanından məhrumdur.

“Əslində bizim qurumların Ukraynada fəaliyyəti mümkün deyil. Amma bu o demək deyil ki, biz başqa kanallar vasitəsilə hərbçimizin müdafiəsini davam etdirməyi düşünməyəcəyik”, - Peskov əlavə edib.

Ukrayna məhkəməsi hökm verdi: rusiyalı hərbçiyə ömürlük həbs - Ukrayna məhkəməsi hökm verdi: rusiyalı hərbçiyə ömürlük həbs - Ukrayna məhkəməsi hökm verdi: rusiyalı hərbçiyə ömürlük həbs - Ukrayna məhkəməsi hökm verdi: rusiyalı hərbçiyə ömürlük həbs -
Müəllif: Turan Abdulla