“Pullar boş-boş işlərə səpələnir və aktyorlara dəyər verilmir” – “Ata ocağı”nın Kamranı
Uzun zamandır izlənilən “Ata ocağı” serialının 700-cü bölümü efirə getdi. AYNA-nın müsahibi, serialda Kamran obrazı ilə izləyicilər arasında tez bir zamanda həm sevilən, həm də nifrət edilən Türkay Cəfərlidir.
- Türkay Cəfərli gənc aktyor kimi bu gün sənətdə istədiyi yerdədir?
- Türkay Cəfərli bu günə kimi öz gücünə çox şeyi bacarıb. Sənətdə yıxılıb-qalxdığım anlar heç də az olmayıb. Amma təəssüf ki, çəkdiyim zəhmətin müqabilində bu gün dəyər verilməyən yerdəyəm.
- İstədiyiniz dəyəri versəydilər, indi harada olardınız?
- Problemlərdən uzaq, işindən zövq alan, sənətinə daha çox vaxt ayıran sənətçi olardım. Təəssüf ki, pullar boş-boş şeylərə səpələnir, ona görə də aktyorlara dəyər verilmir. Aktyorlar da problemlərinə başı qarışır deyə, sənətlərinə tam vaxt ayıra bilmir.
- Bu gün aktyor sənətini seçməyə dəyərmi – bu, günün tələbidir?
- Tələb olsa, indi biz aktyorlar da istədiyimiz dəyərdə olardıq, sadəcə işimizi, sənəti sevirik deyə sənətə xatir bu sənətə gəlməyimizə dəyər, amma indi film sektoru üçün bu sahəyə gəlməyə dəyməz.
- İndi aktyorlardan çox başqa sahənin insanları filmlərdə rol alırlae. Belə aktyorlarla işləmək çətin deyil?
- Təbii ki, çətin olur. Hətta, deyim ki, onların çoxu bir filmdə rol alan kimi özlərini Xalq Artisti hesab edirlər. Halbuki, peşəkar aktyorların onlarla işləməsi çox çətindir.
- Türkay Cəfərli üçün müsbət, yoxsa mənfi obraz yaratmaq asandır?
- Bu zövq məsələsidir. Müsbət asandır, amma mənfi obrazı yaratmaq çətindir. Ən çətini isə mənfi obrazı izləyiciyə sevdirməkdir. Bunu hər aktyor bacarmır.
- Ona görə “Ata ocağı” serialında Kamran obrazını oynamağa razı oldunuz?
- Deməzdim. Axı, hər obrazı sevdirmək və nifrət etdirməyi də bacarmaq lazımdır. Mənim oynadığım obrazlar içində ən sevdiyim personaj “Xənnas” filmindəki Vüsal obrazıdır. Nədənsə o obrazı daha çox bəyənirəm. Əsas ssenaridəki xarakterin məntiqli yoludur.
- “Kamran” obrazı ilə sevilirsiz, yoxsa nifrət edilirsiniz?
- Nifrətdən dolayı sevilirəm desəm, daha doğru olar.
- Türkayla Kamranın oxşar və fərqli cəhətləri hansılardır?
- Türkay nə oğrudur, nə də evyıxan. Ümumiyyətlə, mənə yad olan obrazdır. Heç vaxt elə biri ola bilmərəm.