Tələbə yeni dövrün tələbi ilə üz-üzə: DİM, bir əlac elə

Cəmiyyət

14.09.2021 - 20:26

Elə vəziyyət yaranıb ki, maddi imkanın yoxdursa, illərlə çəkdiyin əziyyət hədər gedə bilər

Tələbə adını qazanmaq üçün illərdir zəhmət çəkənlər, nəhayət arzularına çatdılar. Uzun bir yol qət edən abituriyentlərin ixtisas seçiminin nəticələri sentyabrın əvvəlində açıqlandı. Ümumilikdə ixtisas seçimi müsabiqəsində 66464 nəfər abituriyent və subbakalavr iştirak edib.

Bu il qəbul imtahanlarında maksimum nəticəni, yəni 700 balı toplayan olmasa da, ümumi statistika göstərir ki, ötən illərlə müqayisədə ümumilikdə yüksək bal toplayanların sayı çox olub. Nəticədə isə universitetlərdə hər bir ixtisas üzrə keçid balları artıb. Ən çətin qəbul isə üçüncü qrup ixtisaslarına olub.

Təhsil eksperti Elçin Əfəndinin AYNA-ya dediyinə görə, bu il keçid ballarında artımın əsasən birinci və üçüncü ixtisas qruplarında müşahidə edilib: “Birinci ixtisas qrupunda informasiya texnologiyaları, kompüter mühəndisliyi istiqamətlərində və sair, üçüncü ixtisas qrupunda hüquqşünaslıq, beynəlxalq münasibətlər, ingilis dili, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisaslarında keçid balları artdı. Baxmayaraq ki, bu il plan yerlərində bir qədər artım var idi, amma yenə də ikinci ixtisas qrupunda bəzi ixtisaslar üzrə ballar artdı”.

“İqtisad Universitetində maliyyə və mühasibat yönümlü ixtisaslar var idi ki, onlarda dövlət sifarişli yerlərdə ballar bir qədər aşağı düşdü. Tibb Universitetində ballar bir qədər artdı. Beşinci ixtisas qrupunda ötən il qeydə alınmış, qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar var idi ki, həmin ixtisaslarda balın bir qədər enməsi halı müşahidə olundu”, - deyə həmsöhbətimiz bildirib.

Əfəndinin dediyinə görə, 1-ci qrupda 2400, 2-ci qrupda 2100, 3-cü qrupda 217, 4-cü qrupda 400, 5-ci qrupda 211 yer boş qalmışdı: “Birinci turda qəbul ola bilməyən abituriyentlər sentyabr ayının 6-dan 10-na qədər  ikinci turda iştirak edə bildilər. İkinci turda düzgün ixtisas seçimi apara bilən bütün abituriyentlər qəbul ola biləcəklər”.

Qeyd edək ki, müsabiqədə iştirak etsə də, tələbə adı qazana bilməyənlərin ümumi sayı 13 min 319 nəfərdir. Mütəxəssislər deyirlər ki, bu şəxslərin əksəriyyətinin ali məktəbə qəbul ola bilməməsinin əsas səbəblərindən biri düzgün ixtisas seçimi edə bilməmələridir.

Təhsil eksperti Qoşqar Məhərrəmov AYNA-ya şərhində ixtisas seçimi ilə əlaqədar maarifləndirici işin çox az aparıldığını söyləyib: “Ona görə də abituriyentlər ixtisas seçimi mütəxəssislərinin yanına getməyə sanki məcbur buraxılır. Mütəxəssislər də bu iş üçün 50-100 manat xidməthaqqı alırlar və bəzi şagirdlər də bunu ödəyə bilmədiklərinə görə özləri seçim etməli olurlar, yaxud səriştəsiz insanlara həvalə edirlər. Nəticə də problemlər yaranır, qəbul ola bilmirlər”.

Müsahibimizin fikrincə, bu işi Dövlət İmtahan Mərkəzi (DİM) asanlaşdıra bilər: “DİM bunu daha şəffaf, daha maarifləndirici işlər görərək, şagirdlərin özlərinin edə biləcəyi bir hala gətirməlidir. Yəni elə etməlidir ki, şagird çox aydın bir şəkildə necə edərsə, universitetə daxil olma şansı daha yuxarı ola bilər - bunu görə bilsin”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı “portal.edu.az” platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Əlavə olaraq diqqətə çatdıraq ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Müəllif: Ülviyyə Şahin